Cahangir Məmmədli: “Birinci sinfə gedəndə evdə unudulmuşdu ki, mən məktəbə getməliyəm”

23 Oktyabr 2018 11:04

“ARB Günəş”  televiziyasında yayımlanan “Mən məktəbli ikən” verilişinin qonağı filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri Cahangir Məmmədli olub. O, Ağdam rayonunun Novruzlu kənd məktəbində təhsil alıb.Yaşadığı kəndi və oxuduğu məktəbi kövrələrək yada salır: “Kəndimiz hazırda ermənilərin tapdağı altındadır. Amma Novruzlu kənd məktəbi elə təhsil ocağı idi ki, ona məktəb adı çox yaraşırdı”.Cahangir Məmmədlinin uşaqlığı İkinci Dünya Müharibəsinin sona çatdığı dövrə təsadüf edib.Atası o doğulmazdan 10 gün əvvəl müharibəyə yollanıb və geri qayıtmayıb.O, doğulandan 6 ay sonra isə anası vəfat edib.Cahangir Məmmədlini bacıları və qardaşları böyüdüb, valideylərinin yoxluğunu ona  hiss etdirməməyə çalışıblar: “Birinci sinfə gedəndə evdə unudulmuşdu ki, mən məktəbə getməliyəm. Çox savadlı bir əmim oğlu vardı,  həmin dövrdə Ağdamda işləyirdi. Bir gün o bizə gəldi və məlum oldu ki, mən birinci sinfə getməliyəm. O çox böyük təlaş içində məni məktəbə hazırladı və təhsil almağa başladım, – deyə Cahangir Məmmədli əlavə edib.Cahangir Məmmədli “ARB Günəş” televiziyasını izlədiyini bildirib.O söyləyib ki, “ARB Günəş”də yayımlanan proqramları bəyənərək izləyir. Çünki,  buradakı verilişlər maarifləndirici layihələrdir: “İki nəvəm bu televiziya kanalını izləyir. “ARB Günəş”i arxayınlıqla izləyirik, bilirik ki, burada yayımlanan cizgiz filmlərində şiddət əks etdirən kadrlar yoxdur” - deyə Cahangir Məmmədli bildirib.Xatırladaq ki, “Mən məktəbli ikən” verilişi hər həftənin bazar günü saat 19:30-da “ARB Günəş” televiziyasında yayımlanır.