Quba şəhər 1 saylı tam orta məktəbdə “Xüsusi istedadlılar” sinifi yaradılıb

30 Oktyabr 2018 11:07

İstedadlılar sinfi 7 və 8 siniflər üzrə təşkil olunub.   7-ci sinifdə riyaziyyat və informatika, 8-ci sinifdə isə təbiət fənləri üstünlük təşkil edir. Həmin siniflərə cəlb olunan şagirdlər respublika fənn olimpiadalarında iştirak edən məktəblilərdir. “Xüsusi istedadlılar” sinfinin digər siniflərdən fərqli cəhəti ondan ibarətdir ki, burada dəqiq və təbiət fənlərinin saatları üstünlük təşkil edir. Hər bir fənn xüsusi proqram əsasında tədris olunur. Həmçinin dərslər bu istiqamətdə hazırlıqlı müəllimlər tərəfindən keçilir. Quba rayon Təhsil Şöbəsinin əməkdaşı Namiq Hümbətov deyir ki, “Xüsusi istedadlılar” sinifinin yaradılmasında məqsəd bacarıqlı şagirdləri üzə çıxarmaq və onları fənn olimpiadalarına hazırlamaqdır. Hazırda riyaziyyat-informatika təmayüllü sinifdə 25, təbiət fənləri təmayüllü sinifdə isə 23 şagird təhsil alır. Sinfin iki şagirdi Hacağa Hacıyev və Nurhan Teymurxanlı fizika üzrə keçirilən respublika fənn olimpiadasında qızıl medala layiq görülüblər.