Dahilərin uşaqlığı Çarlz Darvin

01 Noyabr 2018 11:07

Darvin 12 fevral 1809-cu ildə anadan olub. Ata Darvin həkim, ana isə ev işləriylə maraqlanan botanika həvəskarı idi. Darvinlər ana babasından qalan böyük miras sayəsində olduqca zəngin ailə idi. Buna görə də Çarlz dövrün ən yaxşı məktəblərində təhsil ala bilib. Onun 8 yaşı olanda, anası ağır xəstəlik üzündən vəfat edir. Çarlz kiçik olmasına baxmayaraq, artıq anasının sayəsində çoxdan bitkilər dünyasını, onların xüsusiyyətlərini və adlandırılmasını öyrənir. Ata Çarlz onun həkim olmasını istəyirdi. Valideynləri uşaqlarının yaradıcılığı, təhsili ilə bağlı o qədər diqqətli idilər ki, hətta Çarlza ondan 4 yaş böyük qardaşı ilə birgə evlərinin üst mərtəbəsində kiçik kimya laboratoriyası qurmalarına icazə verirlər.Təbiət elmlərinə maraqlı olan böyük qardaşı Erasmus sayəsində Çarlz kitablarda gördükləri bəzi təcrübələri təkrarlayır, təcrübələr təşkil edir və bütün bu proseslərdə Erasmusa assistentlik edirdi. Erasmus tibb təhsili üçün Edinburq Universitetinə getdikdən sonra belə məktub vasitəsilə Çarlza təcrübələr təklif edir, lakin bunların necə ediləcəyinə qarışmırdı. Evləri təbiət qoynunda olduğu üçün Darvin, təbiətdə uzun gəzintilər təşkil edərdi.Bu gəzintilər zamanı quşları müşahidə edər, böcək toplayardı. Ağılına gələn sualları qeyd dəftərində yazardı. Darvin 16 yaşında tibb təhsili almaq üçün böyük qardaşının oxuduğu Edinburq Universitetinə göndərildi. Tibb təhsilini buraxdıqdan sonra Çarlz üçün atası ən yaxşı təhsil variantının teologiya olduğuna qərar verir. Kembircdə şans Darvinin üzünə güldü. Əmisi oğlu və böcəklərə qarşı çox böyük marağı olan Villiam Darvin Fox, Çarlzın Kembircdə keçirdiyi illərdə ən yaxın dostlarından biri oldu. Kembircdə məzun olduqdan sonra Cənubi Amerika sahillərini kəşfə çıxan Darvin 27 dekabr 1831-ci ildə başlayıb 1836-ci ildə sonlanan səfərin nəticəsi olaraq ən böyük kəşfi olan təkamül nəzəriyyəsini inkişaf etdirməyə başladı. Bu səfər Darvinin mühafizəkar fikirlərdən uzaqlaşıb, özünü tamamilə müşahidə və araşdırmalara həsr etməyə imkan yaratdı.  O, İngiltərəyə qayıdaraq tədqiqatlarını ümumiləşdirir və “Növlərin mənşəyi” kitabını yazmağa başlayır. Çarlz Darvinin uşaqlıq dövründə diqqəti cəlb edən əsas xüsusiyyəti təbiətə, onu anlamağa  olan marağı və bu həvəsi uğrunda davamlı işidir. Bitmək bilməyən həvəsi onu araşdırmaya, toplamağa, oxumağa sövq edib.Yer planetinin təbiəti haqqında bilmədiyimiz hələ nə qədər faktlar, üstü açılmayan sirlər var. Dostlar təbiətin bu sirlərini açmaq  istəyirsinizsə, dərslərinizi yaxşı oxumalısız.