Dahilərin uşaqlığı Tomas Edison

08 Noyabr 2018 11:53

Görkəmli  ixtiraçı Tomas Alva Edison Amerikada anadan olub. O, uşaqlıq dövrünü son dərəcə bəxtəvər keçirib. Ailənin sonbeşiyi olan Tomas kiçik  övlad kimi valideynləri tərəfindən əzizlənirdi.1854-cü ilə kimi, yəni yeddi yaşına dolana qədər o, əsl uşaqlıq həyatı sürüb. Həmin il valideynləri onu məktəbə yazdırıblar. O vaxt şəhərdə yeganə ibtidai təhsil ocağı Reverend İnqlin özəl məktəbi idi. Burada bircə təlim-tərbiyə üsulu mövcud idi: uşaqlara son dərəcə iri mətnləri əzbərləməyi tapşıran «müəllim» verilən ev tapşırıqlarının öhdəsindən gəlməyən şagirdləri xətkeşlə cəzalandırırdı. Tomas elə məktəbə getdiyi ilk günün səhəri deyir ki, bir daha o məktəbə ayağını basmayacaq. Atası ona acıqlanır və dərsə getməsini tələb edır. Dərslərinə davam edən Tomas ilk ayın sonuna doğru bütün fənlərdən«iki» alır. Yeni il bayramına yaxın isə o, məktəbdən göz yaşları içində evə dönərək, anasına bildirir: — Mister İnql hamının gözü qarşısında mənə dedi ki, valideynlərin gəlməsə, bir daha səni məktəbə buraxmayacağam. Tomasın anası da müəllim idi. Təcrübəli pedaqoq olan xanım Edison bu yerdə xeyli anlayışlı davranaraq, məsələni yerində araşdırmaq üçün şəxsən məktəbə yollanır. Onu məktəb binasının girişində qarşılayan mister İnql çox qaba şəkildə deyir: «Oğlunuz heç bir fənni qavraya bilmir. Əgər onu bu məktəbdən çıxartsanız, çox ağıllı seçim edərsiniz». Missis Edison elə belə də edir. O vaxtdan etibarən onun oğlu heç bir orta təhsil ocağına qədəm qoymur. Sonradan dünyanın ən məşhur ixtiraçılarından biri kimi tanınan və «General Electric» şirkətini quran Tomas Edison bütün ilkin bilgiləri ev şəraitində, həm də doğma anasının nəzarəti altında qazanır. Anası ona oxumağı öyrədəndən sonra Tomasın uğurları günbəgün artmağa başlayır.Normal yazı yazmağı ömrü boyu öyrənməsə də, sırf zehni gücü hesabına o, qısa müddətdə milyonçuya çevrilir, ən məhsuldar ixtiraçı kimi adını dünya tarixinə yazır. Tomas edison  Fonoqrafı  icad edib və 1877-ci il noyabrın 21-də ictimaiyyətə təqdim edib. Fonoqraf səsin yazılması və dinlənilməsi üçün ilk qurğu olub.  Bu, həmin dövrün ən heyrətamiz icadlarından biri idi. Fonoqrafın inkişafı  nəticəsində qramofon və patefon meydana gəlib.  Görkəmli alim 1879- ci ildə i müasir közərmə elektrik lampasını icad edir.  Akkumulyator, Telefon, Elektriklə işləyən ilk qatarları da o qurub.