Milli Qurtuluş Günü Xaçmazda möhtəşəm bayram konserti ilə yadda qalıb

15 2017 14:44

Xaçmazda 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar rayon icra hakimiyyəti və “ARB Media Qrup”un birgə təşkilatçılığı ilə möhtəşəm bayram konserti  verilib.


Şəhərin mərkəzindəki Heydər Əliyev adına parkda təşkil edilən bayram tədbirində çıxış edənlər bildirib ki, ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olub.


Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda ulu öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxıb. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirib, inamımızı özümüzə qaytarıb, sabitlik və əmin-amanlıq yaradıb və bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.


Şəhər sakinlərinin və qonaqların coşqu ilə izlədiyi konsert proqramında Xalq artistləri Fidan Hacıyeva, Gülyanaq Məmmədova, Əməkdar artistlər Baloğlan Əşrəfov, Yusif Mustafayev həmçinin  tanınmış incəsənət ustaları Namik Qaraçuxurlu, Mirkamil Kamilov, Səyyad Əlizadə və başqaları bir-birindən maraqlı ifaları ilə çıxış ediblər.


Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.


Konsert proqramı iyunun 15-i saat 20:00-da “ARB”-də 21:30-da isə “ARB Günəş” telekanallarında yayımlanacaq.