Dahilərin uşaqlığı Maykl Faradey

15 Noyabr 2018 12:51

Faradeyin ailəsi olduqca kasıb olsa da, onu ibtidai məktəbə göndərmişdi. Amma maddi çətinliklər ucbatından Mayklın təhsili yarımçıq qalır. O, məktəbdə coğrafiyanı, latın dili və antik əsərləri qismən öyrənmişdi. Maykl məktəbi buraxdıqdan sonra cildçi dükanında işə düzəlir. Dükanın sahibi olan usta xoş niyyətli və mehriban bir xarakterə malik insan idi. O, cildlənmə üçün gələn kitabları oxumağa gedən Mayklı narahat etmirdi. Bəzən Maykl kitablarda gördüyü təcrübələri təkrar etmək istəyirdi. Bunun üçün usta, dükanın arxa tərəfində kiçik bir laboratoriya qurulmasına icazə verir. Mayklın burada  bir çox əsəri oxuma şansı olub. O əlinə keçən  bütün kitabları oxuyurdu, amma zamanla elmi ədəbiyyatlara marağı yarandı. Bu dövrdə Faradey “Ağlı İnkişaf Etdirmək” adlı bir kitabla tanış olur. Əsas olaraq insanların necə öyrəndikləri və nə şəkildə öyrənəcəkləri haqqında yazılmış bu əsərə Maykl daha sonra: “öyrənməyə yönəlmiş metodlar haqqında gözəl bir kitab” deyəcəkdi. Nələr vardı bu kitabda? Faydalı və istiqamətləndirilmiş oxuma, diqqəti toplama, yaddaş, müşahidə və yeni dillər öyrənmək üçün yazılmış hissələr və tövsiyələr. Faradey isə bu kitabdan mümkün qədər həyatında istifadə etmiş və orada yazılanları özünə rəhbər tutmuşdu. 1810-cu ildən etibarən, yəni “Ağlı İnkişaf Etdirmək” kitabı ilə tanış olandan etibarən Maykl Faradey Londondakı elmi cəmiyyətlərdə açıq verilən elmi dərslərdə müntəzəm olaraq iştirak edirdi. Həmçinin faydalı bildiyi bütün yazıları toplamaq üçün bir gündəlik tutmuşdu. 1813-cü ildə o "Kral İnstitutu”na assistent vəzifəsinə götürülür. 1821-ci ildən etibarən karyerasında uğurlu sıçrayışa imza atan Faradey əvvəlcə institutun baş müfəttişi, 1825-ci ildə isə direktor vəzifəsinə qədər yüksəlir. Maykl Faradey elm sahəsində ən böyük nailiyyəti olan elektromaqnit induksiyasını kəşf edir və elektromaqnit texnologiyasının əsasını qoyur. Bundan başqa o, paslanmayan polad növünü, təzyiq altında qazın mayeyə çevrilməsi qanununu, 1825-ci ildə isə sonralar benzol adlanan nəql oluna bilən qazı kəşf edir.