Böyük fotbola gedən yol məhəllədən başlayır

20 Noyabr 2018 10:38

Ev tapşırıqlarını həll etdikdən sonra gördüyünüz bu uşaqların ilk məşğuliyyəti qaş qaralanadək futbol oynamaq olur. Onlar idmanı çox sevir. Dostlarımızın öz çempionatları da var, eynən dünya çempionatı kimi. Lakin qitələrarası deyil, məhlələrarasıdır.Məhəllə futbolunun özünəməxsus qayda-qanunları, özəllikləri var. Belə ki, qarşılaşma oyunçular yorulanda bitir. Bəzən topun yiyəsi inciyib gedəndə də oyun məcburiyyətdən sona çatır. Ənənəvi matçlardan fərqli olaraq hesab çox böyük olur; məsələn 15-8, 17-11. Penalti olduğu zaman qapıçı dəyişərsə, cərimə zərbəsi 2 dəfə vurulur. Top kimindirsə əksər vaxtlarda o qapıçı durmur. Ən maraqlısı isə oyunçu həm qapıçı, həm  müdafiəçi, həm də hücumçu kimi oynaya bilər. Udan komanda “gedin hələ məşq edin” ifadəsini mütləq işlədir.Məhəllə futbolundan çıxmış dünyaca məşhur futbolçular var. Messini, Ronaldinyonu buna misal  göstərə bilərik. Dostumuz Firdovsi də bir neçə il öncəyə qədər məhəllədə top qovurdu. İndi isə Keşlə futbol klubunun U9 qrupunda oynayır.Kim bilir, bu gün məhəllədə yağış, palçıq demədən top qovan uşaqlar bəlkə də gələcəyin tanınmış futbolçuları olacaq?! Bəlkə də dünyanın böyük yaşıl meydanlarını fəth edəcəklər.  Dostlarımıza bu yolda uğurlar arzulayırıq!