Dahilərin uşaqlığı Nəsirəddin Tusi

22 Noyabr 2018 10:04

Şərqin böyük alimi, astronom Nəsrəddin Tusi 1201-ci il fevral ayının 17-də Tus şəhərində tərbiyəçi ailəsində anadan olub. Onun əsl adı Məhəmməd olub. Dövrünün görkəmli alimi olduğuna görə sonradan xalq ona Nəsrəddin adını verib. Tusi ləqəbini isə Tus şəhərində anadan olduğuna görə qəbul edib.Onun əsli Azərbaycanın ən qədim şəhərlərindən biri hesab edilən Həmədan şəhərindəndir. Nəsrəddin Tusi ilk təhsilini atası Məhəmməd ibn Həsəndən alıb. Uşaqlıq illərindən bir çox elm sahələrinə yiyələnmək üçün böyük həvəs göstərib. Tusi elə bir dövrdə yaşayırdı ki, elm, ədəbiyyat, incəsənət yüksək inkişaf  mərhələsinə qədəm qoymuşdu. Antik və erkən orta əsrlərdə yaşamış alimlərin əsərləri ilə tanış olmaqdan ötrü, bir çox dilləri öyrənir. O,  eyni zamanda elmin bir neçə sahəsinə dərindən yiyələnir. Uşaq yaşlarında çoxlu mütaliə edən Nəsirəddin, deyilənə görə, möhkəm hafizəyə malik olub.  Oxuduqlarını, eşitdiklərini dərin zəkası ilə təhlil edib özünə lazım olanları yaddaşında saxlayırdı.  Tusi yeniyetməlik dövründə özündən yeni-yeni bilməcə, teorem tərtib etməyi, müxtəlif alətlər düzəltməyi xoşlayardı. Çətin məsələlərlə maraqlanardı, həll etməyə çalışardı.O, gənclik illərində biliyini artırmaq məqsədilə Yaxın və Orta Şərqin bir sıra böyük şəhərlərinə səfər edib. Mütəfəkkir özünün “Seyr və sülük” əsərində uşaqlıq dövrünü təsvir edərək yazırdı:  “Mən hələ uşaq ikən atam məni öz dostu riyaziyyatçı Kəmaləddin Məhəmmədin yanına dərs oxumağa qoydu. Çox keçmədi ki, müəllimim səfərə çıxdı. Mən də atamın vəsiyyətini nəzərə alaraq bir sıra şəhərlərə səfər etdim. Hansı fənnə aid müəllim tapdımsa, ondan dərs aldım. Ancaq onu da deyim ki, kəlam və fəlsəfə elmlərinə xüsusi maraq göstərirdim.”Nəsrəddin Tusi 1235-ci ildə ona dünya şöhrəti gətirən, bir sıra dillərə tərcümə olunan məşhur “Əxlaqi-Nasiri” əsərini yazıb tamamlayıb. Bu əsərdə bir çox nəsihətlər, əxlaqi fikirlər yer alıb. 1259-cu ildə alimin təşəbbüsü ilə Marağa rəsədxanası tikilib. Tədqiqatçıların bir çoxu Nəsrəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynayıb. Nəsrəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcədən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa alimin tarix, fizika, tibb, iqtisadiyyat, coğrafiya və musiqiyə aid əsərləri də qiymətli elmi mənbələrdir. Təbii ki, Nəsrəddin Tusinin astronomiyaya dair yazdığı əsərlər daha məşhurdur.  Əsərlərindən «Bağdadın tarixi», «İşığın əks olunması və sınması haqda risalə», «Evklid optikası», «Göy qurşağının öyrənilməsinə dair risalə», “Qiymətli daşlar haqqında kitab”, «Tibb qanunları», «Dövlət maliyyəsi haqqında risalə», “Zicc Elxani”, «Xoşbəxt günlərin seçilməsi» və başqalarının adını çəkə bilərik. Onun kitablarına Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Münhen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.