Xaçmaz Uşaq Gənclər İnkişaf Mərkəzinin istedadlı üzvləri “Aqro biomüxtəliflik” festivalında iştirak edəcəklər

27 Noyabr 2018 09:24

Xaçmaz Uşaq Gənclər İnkişaf Mərkəzində 900-ə yaxın şagird incəsənətin və müxtəlif peşə sahələrinin sirlərinə yiyələnirlər. Məktəbli dostlarımız maketlər hazırlayır, maraqlı aksesuarlar toxuyurlar. Uşaqların ərsəyə gətirdiyi əl işlərinin böyük bir qismi tullantı materiallarındandır. Burada istedadlı uşaqlar üçün qiraət dərnəyi də fəaliyyət göstərir. Dostlarımız azərbaycan dilində səlis danışmağı, sözlərin düzgün tələffüzünü və nitq zamanı jestlərdən istifadə qaydalarını öyrənirlər. Mərkəzin rəhbəri Gülnarə Qafarova deyir ki, məktəblilər dərnəklərə üzv olmaqla öz bilik və bacarıqlarını inkişaf etdirirlər. Uşaqlar mütəmadi olaraq sərgi və müsabiqələrdə iştirak edirlər. Bu da onlara stimul verir. Xaçmaz Uşaq Gənclər İnkişaf  Mərkəzinin yetirmələri noyabrın sonunda Bakı şəhərində keçiriləcək “Aqro biomüxtəliflik” festivalında iştirak edəcəklər .