Dahilərin uşaqlığı Volfqanq Amadey Motsart

29 Noyabr 2018 13:08

Məşhur bəstəkar Volfqanq Amadey Motsart dünya mədəniyyətinin ən böyük dühalarındandır. Onun bəstələri iki yüz ildən artıqdır ki, insanları heyran edir. Hələ 3 yaşında ikən balaca Volfqanq klavesində və skripkada ifa etməyi bacarırdı. Hətta ilk musiqi əsərini də bu dövrdə bəstələyib. Xoşbəxtlikdən, Motsartın qayğıkeş, həssas musiqi müəllimi vardı. Bəstəkarın atası Leopold Motsart  tanınmış musiqiçi və pedaqoq idi. O, balaca Volfqanq və bacısı Anna Mariya ilə ciddi məşğul olurdu.  İstedadlı bacı-qardaş qeyri-adi musiqi bacarıqlarını yalnız doğma vətənləri Avstriyada deyil, eləcə də Almaniyada, Fransada, İngiltərədə, İtaliyada və İsveçrədə nümayiş etdirirdilər.  “Balaca möcüzə” adını qazanmış Motsart bircə dəfə dinlədiyi melodiyanı asanlıqla təkrarən ifa edir, verilmiş musiqi mövzusu əsasında qısa vaxtda yeni bir əsər yarada bilirmiş. Bir dəfə isə azyaşlı Volfqanq klavişləri dəsmalla örtülmüş klavesində mürəkkəb bir pyesi böyük məharətlə ifa edərək dinləyiciləri heyrətə gətirib! 
6 yaşında Motsartın əsərləri Fransada çap olunub. 14 yaşında isə İtaliya opera teatrının sifarişi ilə «Pont çarı Mitridat» adlı ilk operasını bəstələyib. Yeniyetmə Volfqanqı hətta İtaliyadakı Bolonya Akademiyasının üzvlüyünə qəbul ediblər! Motsart operalar, simfoniyalar, konsertlər, kvartetlər, sonatalar bəstələyərək musiqi sənətinin ən yüksək zirvələrini fəth edib.  Onun «Fiqaronun toyu», «Don Juan» və «Sehrli fleyta» operaları XVIII əsr opera sənətinin ən parlaq nümunələridir. Bəstəkar 40-dan artıq simfoniyanın müəllifidir.  Məşhur «Rekviyem» Motsartın son əsəridir. Təssüf ki,  bəstəkar əsəri bitirə bilmir,  36 yaşında ikən vəfat edir. Motsartın tələbəsi Züsmayer müəlliminin qaralamalarına əsasən «Rekviyem»i tamamlayır. Bu  əsər  dünya musiqi mədəniyyətinin ən dəyərli inciləri sırasındadır.