Dahilərin uşaqlığı – Nikola Tesla

06 Dekabr 2018 11:51

Bütün əsrlərin böyük alimi kimi tanınan Nikola Tesla 9 iyul 1856-cı ildə Xorvatiyada kiçik bir dağ kəndində doğulub. Atası Milutin Tesla keşiş idi, hörmətli və savadlı adam kimi tanınırdı. Evində çoxlu kitab, o cümlədən təbiət elmlərinə dair ədəbiyyatlar var idi. Nikola 8 yaşına çatanadək zəif və qətiyyətsiz uşaq idi. İstədiyi hər hansı məsələnin həllinə girişməsi üçün nə qüvvəsi, nə də cəsarəti çatırdı. Yaşı artdıqca  o daha iddialı olmağa başladı. Nikolanın kitab oxumaq aludəçiliyi vardı. Atası onun bu məşğuliyyətini bir az məhdudlaşdırmağa çalışırdı. Qorxurdu ki, oğlunun gözlərinə xələl gələ bilər. Nikola isə öz inadından əl çəkmirdi. Gecələr hamı yatandan sonra atasının kitablarını oxuya bilməsi üçün donuz piyindən uzun-uzun şamlar düzəltmişdi. Elə həmin dövrdə Nikola özündə qəribəliklər hiss etməyə başlamışdı. Təsəvvüründə canlandırdığı hər hansı bir cismin, məsələn, toxuculuq dəzgahının, yaxud dəyirmanın necə işləməsini diqqətlə izləyir, çarxların necə fırlanğını götür-qoy edirdi. Ona elə gəlirdi ki, həmin mexanizmi özü düzəldib. Teslanın çox güclü yaddaşı vardı. Oxuduğu yüzlərlə kitabın hər bir sətrini, hər bir şəklini və çertyojunu yaddaşında saxlaya bilirdi.Bir dəfə Nikola hava qaralan zaman evlərinin artırmasında oturub sıx tüklü qara pişiyini tumarlayırdı. Barmaqları ilə pişiyin tükləri arasında əmələ gələn xırda qığılcımlar onun diqqətini çəkdi. Uşaq bu hadisədən təəccüblənərək atasından qığılcım yaranmasının səbəbini soruşdu. Atası: “Bunun səbəbini dəqiq bilmirəm, mənə elə gəlir ki, bu, ildırımın daxilindəki qüvvədir” - dedi. Bu cavab 10 yaşlı Nikolanı heyrətə saldı. Beləliklə də, oğlanda sirli elektrik qüvvəsinə maraq yarandı.  Keşiş ata oğlunun mühəndis olmasını istəmirdi. Arzulayırdı ki, oğlu da özü kimi keşiş olsun. Keşişi razı salmaq təşəbbüsləri heç bir nəticə vermirdi. Gözlənilmədən Nikola ağır xəstələndi. Hansısa naməlum xəstəliyə düçar olmuşdu. Həkimlər güman edirdilər ki, Teslanı vəba tutub və sağalacağına güman yoxdur. Bir dəfə özünə gələn Nikola çarpayısı başında əyləşmiş atasından onun mühəndis olmasına icazə verməsini istədi. Dedi ki, bu arzusunu yerinə yetirsə, bəlkə xəstəliyi keçər. Ümidi hər tərəfdən üzülmüş atanın razılıq verməkdən başqa çarəsi qalmadı. Bundan sonra möcüzə baş verdi. Nikola bir neçə gün ərzində sağaldı. O, riyaziyyat və fizikanı yaxşı bilirdi. Təsəvvüründə müxtəlif ixtiralar canlanırdı. Onlardan ən önəmlisi dəyişən cərəyan generatoru idi. Əgər bu generator olmasaydı, müasir energetika meydana gəlməzdi, dünya  yüz il geri düşərdi. Tesla Parisdə məşhur Amerika ixtiraçısı Tomas Edisonun kontinental bürosunda çalışdığı zaman 1882-ci ildə dəyişən cərəyan generatorunun işləyən modelini ərsəyə gətirir.  Sonra Nikola Edisonu tərk etdi. Onun nə iş yeri, nə də pulu var idi. Amma öz bacarığına inamı böyük idi. Nikola Tesla 1888-ci ildə fırlanan maqnit sahəsini kəşf etdi, yüksək tezlikli elektrik generatorları ərsəyə gətirdi. 1891-ci ildə isə alim rezonanslı transformator ixtira etdi. Tesla elektrik enerjisinin o vaxtadək məlum olmayan ötürülmə üsullarını işləyib hazırlayıb.  1917-ci ildə sualtı qayıqları radio ilə aşkara çıxarmaq üçün qurğunun iş prinsipini təklif edib. Tesla həyatının son aylarında 10000 təyyarəni 400 km məsafədən məhv etməyə qadir "ölüm şüalarını" kəşf etdiyini bildirmişdi. Elektrotexnika ilə məşğul olmaqdan başqa professional səviyyədə dilçiliklə məşğul olurdu, şeir yazırdı, musiqini və fəlsəfəni gözəl bilirdi, səkkiz dildə rəvan danışmağı bacarırdı. Alimin gündəliklərinin və əlyazmalarının əksər hissəsi məlum olmayan səbəblərdən yoxa çıxıb.