Dekabrın 11-i Uşaqların Beynəlxalq Televiziya və Radio Günü kimi qeyd olunur

12 Dekabr 2018 16:18

Bu gün BMT tərəfindən təsis edilib. Ölkəmizin ilk uşaq telekanalı “ARB Günəş” efir vaxtını bütünlüklə uşaqlara həsr edir. Telekanal 2015-ci il aprelin 1-də fəaliyyətə başlayıb. “ARB Günəş”  yayımını  “Azerspace 1” peyki vasitəsilə həyata keçirir. Televiziya azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edir.“ARB Günəş” uşaqlar  tərəfindən böyük maraqla izlənilir.  “Xəbərdar ol” proqramında tamaşaçılara uşaq aləmində baş verən ən son yeniliklər, maraqlı kəşflər, dahilərin uşaqlığı haqqında məlumatlar təqdim olunur.  “Mən məktəbli ikən” verilişində tanınmış elm və incəsənət xadimləri  öz məktəb illərindən söhbət açırlar.Oxuduqları məktəb, sevdikləri fənn, müəllimləri və sinif yoldaşları haqqında xoş xatirələrini danışırlar.“Kiçikdən– böyüyə” proqramında biri uşaq, biri isə böyük olmaqla iki nəfər həyat haqqında sualları cavablandırırlar.Onlar həyata baxışlarını və fikirlərini bölüşürlər.Nağıllar uşaqların xəyal dünyasını və təxəyyülünü inkişaf etdirir.“ARB Günəş” də  bu məqamı diqqətdə saxlayır.Bu mövsümdən etibarən yayımlanan “Yuxunuz şirin olsun” verilişində balaca tamaşaçılara nağıl danışılır.  “Biz gələcəyik”  uşaqların böyük maraqla izlədiyi verilişlərdəndir.  Proqramda məktəblilərə müxtəlif mövzularda məlumatlar verilir, istedadlı dostlarımız bilik və bacarıqlarını nümayiş etdirirlər.  Yazar jurnaliist, Azərbaycan mətbuat Şurasının İdarə heyətinin üzvü Rəşad Məcid də “ARB Günəş”in  fəaliyyətini yüksək dəyərləndirir.  “ARB Günəş”  “ARB Media Qrup”a daxil olan digər telekanallarla və Təhsil TV ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində həmin kanalların istehsalı olan, maraqla izlənən verilişlər “ARB Günəş”in efirində  yayımlanır. “Zirvə” intellektual oyunu, “Dostlar”, “Ədiblər”, “Məktəblilər üçün oxu”, “Qiraətçi”, “Məktəbin psixoloqu” maraqla izlənən  telelayihələrdəndir. “ARB Günəş” gələcəkdə də milli–mənəvi dəyərlərə söykənən, maarifləndirici, uşaq psixologiyasına  müsbət təsir edən  verilişlərin sayını artırmaqla yeni layihələrə imza atacaq.