Dahlərin uşaqlığı Dmitri Mendeleyev

20 Dekabr 2018 10:29


Məşhur kimyaçı alim Dmitri Mendeleyev 1834-cü ildə Rusiyanın Tobolsk vilayətində doğulub. O, ailənin 17-ci uşağı idi. Dmitri dünyaya gələn gün atasının gözləri tutulub.  Bundan sonra anası Mariya ailənin qayğısına tək qalmalı olub. Dmitri gimnaziyaya erkən daxil olub. Əvvəlcə bütün elmləri həvəslə öyrənib. Lakin tezliklə sevmədiyi fənlər özünü göstərib. Xüsusən də latın dili fənnindən xoşu gəlmirdi. Bu fəndən bəzən aşağı qiymət də alırdı. Dərslərindən geri qalan Dmitrini atasına olan hörmətə görə 3-cü sinifə keçirirlər. Tezliklə Mendeleyev fizika, riyaziyyat, coğrafiya, astronomiya, tarixlə maraqlanmağa başlayır, dərslərində uğurlar qazanır. Gələcəyin məşhur alimi 15 yaşında gimnaziyanı başa vurur. Dmitrinin attestatında  yalnız iki fəndən - ilahiyyat qanunları və rus ədəbiyyatından kafi qiymət yazılıb. Yoldaşının və qızının  vəfatından sonra  anası Mariya oğlu Dmitrini və qızı Lizanı özü ilə götürərək Moskvaya - qardaşının yanına gedir.  Mendeleyev  Sakt-Peterburq Pedaqoji Universitetinə daxil olur. 1850-ci ilin payızında anası, daha sonra isə Dmitriyə maddi yardım göstərən dayısı Vasili vəfat edir. Həkim Dmitrinin də vərəmə tutulduğunu aşkar edir.   Lakin o ruhdan düşmür, təhsilini davam etdirir. Çox oxuyur, özünü kimyəvi araşdırmalara həsr edir. Hətta  universiteti qızıl medalla bitirir.   O, tələbəlik illərində iki elmi əsər də yazıb.Dmitri Mendeleyevin başlıca elmi xidməti odur ki, dağınıq kimyəvi elementləri  sistemləşdirərək müəyyən qanunuyğuqla cədvəl formasına salıb.  Alim ilk dəfə bu sistemi yuxuda görüb və oyanaraq gördüklərini kağıza köçürüb.  1869-cu ildə bu haqda məqaləsini dərc etdirib. Mendeleyev cəsarətlə hələ elmə məlum olmayan elementlərdən bəzilərinin - qallium, skandinium, germaniumun kimyəvi xassələrini əvvəlcədən xəbər vermişdi və yanılmamışdı da. Bir qədər sonra isə o, zamanı qabaqlayaraq hələ kəşf olunmamış 8 elementin mövcudluğunu xəbər verib. Onlara misal olaraq polonium, astat, texnesium fransiumu göstərə bilərik. Alim kimya, fizika, hava uçuşları, meteorologiya, kənd təsərrüfatı, iqtisadiyyat və digər sahələrdə tədqiqatların müəllifidir.  1859-cu ildə mayelərin sıxlığını müəyyən etməyə imkan verən cihazı - piknometri yaradıb. 1860-cı ildə isə mayelərin mütləq qaynama - kritik  temperaturunu kəşf edib.  1863-cü ildə onun "Üzvi kimya" kitabı çapdan çıxıb və tezliklə Demidov mükafatına layiq görülüb. Daha sonra "Kimyanın əsasları" kitabını yazıb. Görkəmli alim 70-ə yaxın akademiyanın və elmi cəmiyyətlərin üzvü olub.  Həyatının son günlərinə kimi işləyib. 1907-ci ildə 73 yaşında vəfat edib.  Mendeleyevin sağlığında elementlərin sayı 63 idi. Ölümündən bir il sonra onların sayı 86-ya çatdı. 1955-ci ildə amerikalı fiziklər sintez yolu ilə əldə etdikləri elementi dahi alimin şərəfinə "mendelevium" adlandırıblar. 1984-cü ildə YUNESKO tərəfindən D. Mendeleyev bütün dövrlərin və xalqların ən böyük alimi elan olunub.