Tələbə jurnalistlər arasında sosial çarx müsabiqəsi keçirilib

15 2018 14:17

Ermənistan – Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin fəsadları ilə bağlı sosial çarx müsabiqəsinə yekun vurulub. Müsabiqə tələbə jurnalistlər arasında keçirilib. Layihəni “İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyi, Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirib. Qaliblərin mükafatlandırma mərasimi Beynəlxalq Mətbuat Mərkəzində baş tutub. İctimai birliyin rəhbəri layihə haqqında iştirakçılara məlumat verib. O,qeyd edib ki, layihənin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, Ermənistanın törətdiyi cinayətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Bu məqsədlə videoçarxlardakı məlumatlar əcnəbi dillərdə də verilib. İnformasiya müharibəsində fəal olmaq günün vacib tələbidir. Bu işdə gənclərimiz daha çox çalışmalıdır. Belə müsabiqələrin təşkili də bu işə öz töhfəsini verir. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekan müavini Sevinc Əliyeva, yazıçı-publisist İlqar Rəsul və digər qonaqlar da fikirlərini bölüşüblər. Bu cür müsabiqələrin təqdirəlayiq olduğunu bildiriblər. Sonra mükafata layiq görülən sosial çarxlara baxış olub. Onlar haqqında müzakirələr aparılıb, təkliflər səsləndirilib. Sonda qaliblərə mükafatlar təqdim olunub.