"ARB Günəş" yeni il çəkilişlərinə start verib

25 Dekabr 2018 12:04

Qarşıdan 2019-cu il gəlir. Uşaqlar bayramı böyük səbirsizliklə gözləyirlər. Yeni il karnavalını, şənlikləri, Şaxtababanın hədiyyələrini kim istəməz ki?!!!  ARB Günəş də Yeni ildə tamaşaçılarını sevindirəcək. Artıq bayram çəkilişlərinə start verilib. Studiyalar aksesuarlarla, rəngarəng işıqlarla bəzənib, Yeni il küknarı qurulub.Bayram həftəsində “Yuxunuz şirin olsun” verilişində bir-birindən maraqlı nağıllar dinləyəcəksiniz. Yeni ildə Şaxtababa və uşaqların, Qırmızıpapaq və dostlarının başına gələn macəralardan xəbər tutacaqsınız. Deyilənə görə, Küpəgirən qarı uşaqların bayram şənliyini pozmaq üçün plan qurub. Bu işin sonu necə bitəcək? Şənlik baş tutacaqmı yoxsa yox – bax bunu ancaq Yeni il axşamı biləcəyik. “Kiçikdən böyüyə” proqramının qonaqları Şaxtababa ilə nəvəsi Qarqız olacaq. Onlar Yeni il planları haqqında söhbət edəcəklər. Ola bilsin Şaxtababa bəzi sirlərini də açıqlasın. Axı onun sehrli çubuğu inanılmaz gücə  malikdir.  “Xəbərdar ol” proqramının yaradıcı heyəti də hər zamankı kimi yenə dostlarımızın yanında olacaq. Uşaqların yeni il hazırlıqlarından, şənliklərindən ən maraqlı anları çəkib sizə təqdim edəcəyik. Artıq bu gündən etibarən verilişlərimizin bayram buraxılışlarını izləyə bilərsiniz.