Dahilərin uşaqlığı Bethoven

27 Dekabr 2018 15:09

Lüdviq Van Bethoven 1770-ci il-də Almaniyanın Bonn şəhərində anadan olub. Atası İohan Saray kapellasında oxuyurdu. Lüdviqə klavesində ifa etməyi öyrətmişdi. Kiçik yaşlarından oğlunun fitri istedadını hiss etmişdi. Ondan “ikinci Motsart” yaratmaq istəyirdi. Lakin Lüdviq atasının ümidlərini doğrultmadı: o, Motsart olmadı,  elə Bethoven oldu. Ağır uşaqlıq illəri böyük alman bəstəkarının xarakterinə, onun bütün gələcək həyatına təsirsiz ötüşmür. 11 yaşında işləməyə başlayır, kilsədə  orqan ifaçısını əvəz edirdi. 14 yaşında knyaz sarayında orqan çalır, varlı sakinlərə musiqi dərsi deyirdi. Bütün ailə onun qazancı ilə  dolanırdı. Lüdviq lap uşaq yaşlarından musiqi bəstələməyə başlayıb. 12 yaşında   fortepiano üçün əsərlər yazıb. 1787-ci ildə Vyanaya Motsartın yanına yollanıb.  17 yaşlı Bethoven əsərləri barədə nifuzlu bəstəkarın qərarını eşitmək istəyirdi. Motsart onu qəbul edir. İfasını dinlədikdən sonra  otaqda olanlara müraciət edərək deyir: “Bu cavan oğlana diqqət yetirin. O, hamını özü barədə danışmağa məcbur edəcək”.Motsart həm də Bethovenin müəllimi olmağa razılıq verir. Lakin bu, Lüdviqə qismət olmur.  Anasının xəstələndiyi xəbərini alan Bethoven təcili surətdə  Bonna qayıtmalı olur.  1792-ci ildə yenidən Vyanaya gələn Bethoven Haydndan,  Şenk və Salyeridən musiqi dərsləri alır. O vaxt Vyana Avropanın musiqi paytaxtı sayılırdı. Burada gənc bəstəkarın istedadını yüksək qiymətləndirirlər.Bethoven bütün yaradıcılığı boyu doqquz simfoniya, fortepiano ilə orkestr üçün  konsert, bir opera, bir balet və s. əsərlər yaradıb.  İndiyə qədər heç bir musiqisevər onun yaratdığı Üçüncü, Beşinci və Doqquzuncu simfoniyalara, “Ay” sonatası kimi möhtəşəm bəstələrinə biganə qala bilməyib. Sonra tale elə gətirir ki, Bethoven eşitmə qabiliyyətini itirir.   Heç nəyə baxmayaraq, musiqi bəstələməyə davam edir. Bu, əsl möcüzə idi.   Bəstəkarın  sonuncu Doqquzuncu simfoniyası  ilk dəfə 1824-cü il  mayın 7-də Vyananın “Kertnertor”  teatrında ifa olunur.  Dirijor pultu arxasında bəstəkarın özü dayansa da, çubuğunu elə-belə tərpədirdi. Onun yerinə başqası dirijorluq edirdi.  Simfoniya başa çatandan sonra salondan gur alqış sədaları qopur. Bethoven isə bu alqışları eşitmirdi. Əlindən tutub onu salona tərəf çevirənə  qədər arxası tamaşaçılara dayanmaqda davam edirdi.  Onu alqışlayan  insanlara səssizlik içində baxırdı. Misli görünməmiş fədakarlıqla ərsəyə gətirdiyi bu simfoniya ilə sanki bütün həyatına, yaradıcılığına yekun vurmuşdu.