Dahilərin uşaqlığı Mixail Lomonosov

18 2019 11:25

Moskva Universitetinin təsisçisi, tanınmış rus alimi Mixail Lomonosov 1711-ci il noyabrın 19 Arxangelsk vilayətində anadan olub.  Balıqçı ailəsində dünyaya gələn Mixail 10 yaşından atasına balıq tutmaqda kömək edib. Onun oxumağa böyük həvəsi var idi. Bütün gününü balıq tutmaqla keçirib oxumaqdan məhrum olmaq istəmirdi. Elmə olan böyük marağına görə 1730-cu ildə bütün işlərini buraxır və Moskvaya təhsil almağa gedir.Lomonosovun atası Vasili Dorofeyeviç Moskvada kilsədə təhsil almışdı və dövrünün ən savadlı adamlarından biri idi. Onun böyük bir kitabxanası vardı.Lomonosovun anası Elena İvanovna kiçik yaşlarından oğlunda kitaba, mütaliəyə sevgi yaratmışdı. Mixail hələ balaca olarkən anası vəfat etmişdi.  Lomonosov 1731-ci ildə «Slavyan-yunan-latın» akademiyasına daxil olur. Burada oxuduğu müddətdə latın dilini, siyasət və ritorikanı, qismən də fəlsəfəni öyrənir. 1735-ci ildə akademiyanı bitirən 12 tələbə, o cümlədən Mixail də Peterburqa, gimnaziyada oxumağa göndərilir. 1736-cı ilin avqustunda isə təhsilini davam etdirmək üçün Lomonosov da daxil olmaqla 3 şagird Almaniyaya gedir. O, 2 il yarım orada oxuyur və məşhur alim Xristian Vulfun yanında olur. Bu dövrdə Lomonosov riyaziyyatı və mexanikanı, fizikanı və kimyanı, alman və fransız dillərini öyrənir. 1741-ci ildə Rusiyaya qayıtdıqdan sonra Xristian Vulfun fizika kursu kitabını rus dilinə tərcümə edir. Bu kitab rus dilində ilk fizika dərsliyi olub. Bir çox alimlərin əsərlərini tərcümə etməsinə baxmayaraq, Lomonosov bunun qarşılığında heç bir maaş almırdı.Yalnız Yelizavetanın taxta gəlməsindən sonra 1742-ci ilin yanvarında Lomonosov Peterburq Elmlər Akademiyasında fizika sahəsində işləməyə başlayır. Burada işlədiyi müddətdə təbiətşünaslığa aid mühüm tədqiqatlar aparır, böyük çətinliklə Rusiyada birinci kimya elmi-tədqiqat laboratoriyası açmağa nail olur. Alimin əsas kəşfləri kimya, fizika və astronomiya ilə bağlıdır. Lomonosov müxtəlif sahələrə aid 100-ə yaxın cihaz  hazırlayıb.  1754-cü ildə termometr və başqa cihazları çox yüksəkliyə qaldırıb və oradakı şəraiti öyrənmək üçün «aerodinamik maşın» qurub. O, Rusiyada elmin inkişafı naminə universitet açılmasının təşəbbüskarlarından biri olub. Plan hazırlanarkən təkidlə tələb edib ki, ora zadəganlarla yanaşı, kasıbların da uşaqları qəbul edilsin. 1755-ci ildə Lomonosovun layihəsi əsasında Moskvada ilk universitet açılıb. Hazırda bu ali təhsil ocağı alimin adını daşıyır.