Dahilərin uşaqlığı Qoqol

31 2019 13:42

Məşhur yazıçı Nikolay Vasilyeviç Qoqol 1809-cu ildə Ukraynanın Poltava vilayətində, Soroçi qәsәbәsindә dünyaya göz açıb. Atası torpaq sahibi olan kiçik mülkədar idi. Qoqolun uşaqlığı kənd həyatına bağlı olub. Kazak mədəniyyətinin təsiriylə böyüyən yazıçının əsərlərində də bu, öz əksini tapıb. Nikolayın 15 yaşı olanda atası vəfat edib.  Uşaq yaşlarından Qoqol malorusların çalıb-oynamalarını, nәğmәlәrini, adət-ənənələrini müşahidə edərək sonradan əsərlərində qeyd edib. O ilk təhsilini evdə alıb. Sonra Niyejin liseyində oxuyub. Liseydə yaxşı oxumasa da ədəbiyyata böyük həvəsi vardı. Burada oxuduğu illərdə Rusiyada dərc olunan bütün kitabları oxuyur, məktəb qəzetləri üçün hekayə və şeirlər yazırdı. Həmin dövrlərdə Qoqolun aktyorluq qabiliyyətinin olduğu da üzə çıxmışdı. O, məktəb tədbirlərində komik rolları ilə böyük uğur qazanmışdı. Gənclik illərində şeirə, ədəbiyyata marağı daha da artan Qoqol 1828-ci ildə tövsiyə məktubları alaraq Sankt-Peterburqa gedib. O, məmur olmaq istəyirdi. Ancaq bu böyük şəhərin acı gerçəyi ilə qarşılaşdıqca bütün xəyallarının yox olduğunu başa düşür. Tövsiyə məktubları bir işə yaramamışdı, iş tapa bilmirdi. Bu zaman Qoqol başqa bir üsulu sınamağa cəhd edir. Məktəbdə yazdığı uzun bir şeirini kitab şəklində dərc etdirir. Ancaq tənqidçilərin sərt sözlərindən sonra kitablarının hamısını yığaraq yox edir. Sankt-Peterburqda olduğu müddətdə özünü aktyorluqda  da sınamaq istəyir. Amma tamaşalarda pafoslu səhnə dili və performans axtaran teatr müdirləri tərəfindən bəyənilmir. 1830-cu ilin yazında bir nazirlikdə kiçik məmur işi tapa bilir. Qoqolun sevmədiyi bu iş bir il davam edir. 1831-ci ildə bir zadəgan məktəbində tarix müəllimi kimi çalışmağa başlayır. Bütün bu uğursuzluqlar içində Qoqol ədəbiyyata olan marağından əl çəkmirdi. 1833-1835-ci illərdə yazıçı sonradan “Mirqorod əhvalatları” adı altında toplayacağı hekayələrini yazır. “Peterburq hekayələri” adlı kitabında yer alan əsərlərində ictimai bərabərsizliyi tənqid edib. Qoqol o illərdə yenə də teatr işləri ilə məşğul olub. 1833-cü ildə “Evlənmə” pyesini qələmə alıb. 1834-cü ildə “Müfəttiş”i yazıb və bu əsər 1836-cı ildə teatrda oynanmağa başlayıb. “Müfəttiş” əsərinə verilən reaksiyalar, pyes barədə yazılan sərt tənqidlər Qoqola mənfi təsir edib. Bundan sonra yazıçı Rusiyanı tərk edərək İtaliyaya gedib.  1842-ci ildə Qoqol iki məşhur əsərini “Ölü canlar” romanının birinci cildini və “Şinel” povestini bitirərək nəşr etdirib. Yazıçının “Ölü canlar” romanı böyük uğur qazanır. Lakin yazıçı bu əsərin ikinci cildindən heç cür razı qalmır. Buna görə, 1845-ci ildə bu cildin əlyazmasını oda ataraq yandırır. 1850-ci ildə yazdığı ikinci cildi yenidən məhv edir. Bu gün əlimizdə olan ikinci cild Qoqolun evində ələ keçən bəzi qeydlərdən və parçalardan ərsəyə gəlib.  Yazıçı 1852-ci ildə Moskvada vəfat edib.