Xalq artisti Arif Quliyev: “İnternat məktəbində oxuyanda yanıma gələn yox idi”

05 2019 11:02

Məşhur aktyor, xalq artisti Arif Quliyev “ARB Günəş”in “Mək məktəbli ikən” layihəsində öz məktəb illəri ilə bağlı maraqlı xatirələrini  tamaşıçılarla bölüşüb. Arif Quliyev orta təhsilini Şirvan şəhər 1 nömrəli internat məktəbi və Bakı şəhər 29 saylı tam orta məktəblərində alıb. Xalq artisti bildirib ki, təhsil aldığı internat məktəbində “Dülgərlik dərnəyi” fəaliyyət göstərirdi və o, həmin dərnəyə üzv olub: ”Orada sex var idi və mən yaxşı stol və stul düzəldə bilirdim. Dram dərnəyində də üzv idim və kiçik yaşlarımdan tamaşalarda çıxış edirdim” – deyə,  Arif Quliyev söyləyib. Aktyor  uşaq vaxtı çox səliqəli olduğunu,  geyiminə xüsusi diqqət yetirdiyini də deyib.İnternat məktəbində ütü olmadığından şalvarını gecə yatanda döşəyin altına qoyurmuş ki, qırışmasın. Xalq artisti internat məktəbində oxuduğu illəri kədər hissi ilə xatırlayır. Aktyorun sözlərinə görə, heç kimi olmadığından internat məktəbinə onu ziyarət  etməyə gələn olmayıb. Bir dəfə məktəb yoldaşlarından biri üçün yaxınları noğul gətirib: ”Ondan iki-üç dənə noğul istədim, lakin mənə vermədi.  Mən də xalq artisti, müğənni Lütfiyar İmanova məktub yazdım ki, internat məktəbində oxuyuram və mənim yanıma heç kim gəlmir, sizdən mənə noğul göndərməyinizi xahiş edirəm. Bir həftədən sonra müəllimim mənə dedi ki, Lütfiyar İmanov sənə poçtla bir qutu noğul göndərib. Noğuldan bütün uşaqlara payladım, həmin uşaq mənə yaxınlaşıb üzr istədi” – deyə,  aktyor bildirib.  “Mən məktəbli ikən” veriliçi hər həftənin şənbə günü saat 18:00-da “ARB Günəş” də efirdə olur.