Havanın çirklənməsinin qarşısını necə almaq olar?

07 2019 14:49

Ümumdünya Səhiyyə Təşkilatı havanın çirklənməsini 2019-cu ildə bəşəriyyət üçün əsas təhlükə adlandırıb. Həmin araşdırmada bildirilir ki, Yerin hər 10 sakinindən 9-u hər gün çirklənmiş hava ilə nəfəs alır. Bu isə orqanizmdə bir çox xəstəliklərə səbəb olur. Hava çirklənməsi nədir? Bu qazların, dumanların, toz hissəciklərinin və zərərli maddələrin havaya qarışması səbəbindən atmosferin çirklənməsidir. Belə hava bütün canlılar üçün ziyanlıdır. Qazlı çirkləndiricilərin bəzi nümunələri karbon monoksit, azot oksidi, kükürd dioksid, ozon, hidrogen sülfid və uçucu üzvi birləşmələrdir. Çirkli hava ətraf mühitə və sağlamlığımıza ciddi zərbə vura bilər. Bitki, heyvan və dəniz həyatına zərər verə biləcək turşu yağışına səbəb ola bilər. Hava çirkləndiriciləri iki kateqoriyaya bölünür - ibtidai və orta dərəcəli. Birinci kateqoriyaya aid olanlar nəqliyyat vasitələri və fabriklərdən çıxan dumanlardır. İkinci kateqoriyaya aid olanlar isə əsas çirkləndiricilərin kimyəvi dəyişikliklər nəticəsində meydana gətirdiyi zəhərli maddələrdir. Məsələn, ozon qazı buna misal ola bilər. Atmosfer çirklənməsinin qarşısını necə almaq olar? Evdə düzgün hava dövranı təşkil etməklə, təbii boyalardan istifadə edərək daxili hava çirklənməsini azalda bilərik. Uşaqlara istifadə olunan məhsulların təkrar emalının əhəmiyyətini öyrətmək vacibdir. Təkrar emal zavodların yükünü azalda bilər və atmosferə buraxılan zəhərli qazların miqdarı xeyli aşağı düşər.  Bundan başqa uşaqlar enerjiyə qənaət etməyi öyrənməlidirlər. Qısa məsafələrə avtomobillə yox, piyada və ya velosipedlə getməklə hava çirklənməsinin qarşısını nisbətən ala bilərik.