Dahilərin uşaqlığı Hans Xristian Andersen

07 2019 15:19

Biri vardı, biri yoxdu. Bir balaca oğlan vardı. Bir dəfə o, anasına deyir ki, «Görərsən, mən mütləq məşhur olacam!». Anası ona heç nə demir. Gözlərinə təccüblə baxıb köks ötürür. Ailənin maddi vəziyyəti çətin olduğundan anası bu sözlərə inanmağı gəlmirdi. Gələcəyin məşhur nağıl yazarı Hans Xristian Andersen 1805 ci ildə Danimarkanın Odense şəhərində pinəçi ailəsində doğulmuşdu. Bir şeydə bəxti gətirmişdi ki, valideynləri heç vaxt onu cəzalandırmazdılar. Öz xəyallarına qapanaraq bütün günü şəhəri dolaşmağa icazə verərdilər. Təbiəti müşahidə etmək, balıqlar, köstəbəklər, kəpənəklərlə, quşlarla dostluq etmək onun ən sevimli məşğuliyyəti idi. İlk dəfə şəhər teatrına ayaq basandan sonra Andersen nağıl qəhrəmanlarının xoş niyyətlərindən xəbər tutdu. Bu da ona real həyatdan uzaqlaşmaq üçün yeni bəhanələr verdi. Teatra tez-tez gedə bilmirdi, ona görə də özü pyeslər uydurmağa başladı. Axşamlar evdə qurulan tamaşalarda kuklalar canlanır və onlar Andersenin  diliylə öz əhvalatlarını danışırdılar. Az sonra Hans Şekspirin əsərləri ilə tanış oldu. Bundan sonra onun oyuncaq aktyorları dahi ingilis yazarının pyeslərini oynamağa başladılar. Andersen artıq teatr dramaturqu olmaq arzusuyla yaşayırdı.  Məktəbdə dərslərini yaxşı oxumurdu. Bir sözü səhvsiz yaza bilməsə də dostlarına müxtəlif əhvalatlar uydurub danışmağı sevirdi. Buna görə də həmişə gülüş mənbəyinə çevrilirdi. Fikri uzaqlarda olduğundan müəllimlərin tənqidi də əskik olmurdu. Bəzən uşaqlar ona «Baxın, komediya qoşan gəlir!» deyib gülürdülər. Atası oğluna tez-tez «1001 gecə nağılları»nı oxuyurdu. 11 yaşında atasını itirən Hans dərzi yanında şagird dayanır, sonra  fabrikdə işə düzəlir. 14 yaşında Kopenhagenə gedir. 20 yaşında universitetə qəbul olur.  Məşhur yazıçı olmaq ümidi ilə yaşayan Andersen çoxlu əsərlər yazır və böyük qazanc əldə edir. Onun nağılları ilk dəfə Fransada, sonra digər ölkələrdə tanınır, yalnız bundan sonra yazıçı vətəni Danimarkada sevilir. Hans Xristian Andersen dünyanın ən məşhur nağılçılarından biridir. O, “Düyməcik”, “Çaxmaq daşı”, “Kibritçi qız”, ”Su pərisi”, “Qar kraliçası”, “Kralın təzə libası”, “Noxud üstündə yatmış şahzadə qız” və başqa nağılları ilə məşhurdur. Uşaqlar indi də həvəslə bu nağılları oxuyur və yoldaşlarına danışırlar. Andersen 1875-ci ildə vəfat edib. Dahi yazıçı özündən sonra zəngin ədəbi irs - möhtəşəm nağıllar qoyub getdi.