At terapiyasının autizmli uşaqların inkişafında hansı müsbət təsirləri var?

13 2019 10:17

Atların insan psixologiyasına güclü təsir etmə qabiliyyəti var. Aparılan tədqiqat və müşahidələrdən məlum olub ki, bu heyvanlar ünsiyyət qurmaqda çətinlik çəkən, özünəinam hissi zəif olan uşaqlara müsbət təsir edir. Bu səbəbdən müasir dövrdə bir çox xəstəliklərin müalicəsində at terapiyasından geniş istifadə olunur.  Autizmli uşaqların inkişafında böyük rol oynayan bu  terapiya yaddaşı gücləndirir, diqqəti toplamağa kömək edir. 19-cu əsrdən etibarən atlarla aparılan tədqiqatlar bu heyvanların bir çox faydalarını üzə çıxarıb. Tibb elmində ippoterapiya adlandırılan müalicə metodu ilk dəfə Almaniya, İsveçrə və Avstriyada tətbiq olunub. Azərbaycanda isə at terapiyasıdan 2016-cı ildən istifadə edilir. At minərək açıq havada vaxt keçirmək xüsusi qayğıya ehtiyacı olan uşaqlara xoş təsir bağışlayır. İppoterapiyanın  əsas üstün cəhəti odur ki, burada uşaq müalicə olunduğunu bilmir. Həkimə gedəndə balacaların reaksiyası başqa olur. Atla təmasda olmaq isə onlar üçün maraqlı bir oyun kimidir. Autizmli uşaqlarda diqqət yayınması olduğundan ata mindikdə özünüidarəetmə instinkti yaranır.