Respublika UGİM rəssamlığa həvəs göstərən uşaqlar üçün maraq dərsləri təşkil edib

13 2019 10:32

Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyinin üzvləri “ARB Günəş”in “Biz gələcəyik” verilişində qonaq olublar. Azyaşlı rəssamlar çəkilişdən sonra rəngkarlığa marağı olan məktəblilərlə görüşüblər.  Onlar açıq havada öz əl işlərini nümayiş etdirib, həm də bu sənətə həvəs göstərən uşaqlara rəssamlığın incəliklərindən bəhs ediblər. İstedadlı dostlarımız həmyaşıdlarına fırça tutmağı, boyalarla işləməyi və rəng çalarlarının necə ərsəyə gəldiyini izah ediblər. Məktəblilər rəssamların rəsmlərinə baxıblar. Onları maraqlandıran mövzular ətrafında söhbət ediblər.Rəsm dərnəyinin rəhbəri Humay Axundova deyir ki, rəssamlıq incəsənətin maraqlı sahələrindən biridir. Uşaqlar daxili aləmlərini, fikirlərini rənglərin dili ilə daha sərbəst ifadə edə bilirlər.  Bu da onların dünya görüşünün inkişafına, şəxsiyyət kimi yetişmələrinə müsbət təsir göstərir.Sonda fırça həvəskarları çəkdikləri rəsmləri dostlarına hədiyyə ediblər.