Dahilərin uşaqlığı Tomas Yunq

14 2019 12:21

Bəşəriyyət tarixində yetişmiş dahi elm adamlarından biri də Tomas Yunqdur.O,İngiltərənin Milverton şəhərində anadan olub. İki yaşında Yunq artıq sürətli kitab oxumağı bacarırdı. 4 yaşında latın dilində şerlər və bir çox ingilis yazıçılarının əsərlərini əzbərdən bilirdi.  8 yaşında isə Tomas yer ölçmə məsələləri ilə maraqlanıb, hündürlük və məsafələri təyin etməyi öyrənmişdi. 9 yaşından 12 yaşına qədər Kompton pansionunda professor Tomsonun yanında yaşayıb. Bu dövrdə Roma və Yunan klassiklərinin əsərlərini, fransız, italyan və s. dilləri öyrənib. Artıq 14 yaşında 10-a qədər dil bilirmiş. Tomas Yunq botanika ilə daha çox maraqlanırdı və mikroskop qurmaq üzərində fikirləşirdi. Nəhayət o, təbabət sahəsində işləməli olur. 1795-ci ildə 22 yaşında təbabət elmləri doktoru elmi adını alır.  Dahi alim 1793-cü ildə «Görmə prosesləri üzərində müşahidə» adlı əsərini çap etdirib. Sonra Yunq dalğa optikası problemləri ilə məşğul olub.  1801-1804-cü illərdə Kral institutunda professor kimi çalışıb.  Fizikaya «enerji» terminini ilk dəfə Tomas Yunq daxil edib. O, elmin bir çox sahələrinə: mexanika, optika, akustika, istilik, astronomiya, gəmiqayırma, təbabət, botanikaya aid əsərlər yazıb. Yunq  musiqi nəzəriyyəsini də gözəl bilirdi, bir çox musiqi alətlərində sərbəst ifa etməyi bacarırdı. Onun elmi xidmətlərindən biri işığın interferensiya prinsipini kəşf etməsidir. Alim ağ işıq spektrində qırmızı və bənövşəyi rənglərin dalğa uzunluğunu hesablayıb.  Təbiətdə olan cisimlərin özünəməxsus rənglərdə görünməsinin səbəbini Yunq izah edib.   Müasir gəmiqayırmanın elminin, işığın difraksiya nəzəriyyəsinin əsasını qoyub. Yunqun işığın xassəsinə aid kəşfindən sonra dalğa nəzəriyyəsinin doğruluğu təsdiq olunub. Həmin kəşfə qədər bir sıra hadisələrin səbəbini izah etmək mümkün olmurdu.  O, 1817-ci ildə işıq dalğalarının eninə dalğalar olduğu fikrini əsaslandırıb.