Əllərimizi necə yumalıyıq?

14 2019 11:28

Niyə?   Əllərimizi niyə yumalıyıq.  Ona  görə ki, Əlləri yumaq, xüsusən ishal, qusma və tənəffüs yolu infeksiyalarının yayılmasını əngəlləyən təsirli və sadə bir üsuldur. Çoxsaylı araşdırma və elmi faktlar  təsdiqləyir ki, əllərin gigiyenası- insanları hər addımda izləyən  bir çox xəstəliklərin yayılmasını məhdudlaşdıran əsas tədbirlərdəndir. 

Bu gün təsdiq olunub ki, bağırsaq infeksiyalarının çoxu, hətta qrip belə əllər vasitəsilə keçir! Əllərin gigiyenasına riayət olunmaması dizenteriya, qarın yatalağı, hepatit, vəba, mədə, ya da on iki barmaq bağırsaq xorası, ağızdan keçən virus, salmanollez və s. kimi xəstəliklərə yoluxmağa ciddi təhlükə yaradır.

Əlləri nə zaman yumaq lazımdır?

Bəzi hallar var ki, o zaman əlləri mütləq yumaq lazımdır:

·         Yeməyə toxunmazdan əvvəl.

·         Çiy ət, toyuq əti, yumurta və digər məhsullara toxunduqdan sonra.

·         Zibili atdıqdan sonra.

·         Kəsik və ya yanıq hallarında sarğını dəyişməzdən əvvəl və sonra.

·         Ev təmizliyindən sonra.

·         Küçədən evə qayıtdıqdan sonra.

Əlləri necə yumaq lazımdır?

Bir çoxları əllərini formallıq naminə yuyur. İnsanlar uşaqlıqdan bilirlər ki, belə etmək lazımdır, lakin buna ciddi yanaşmırlar. Lakin, çılpaq gözlər ilə bakteriyaları görməməyimiz o demək deyil ki, onlar yoxdur. Alimlər hesablamışdırlar ki, əllərdə orta miqdarda 10 milyon bakteriya vardır! Bu isə eskalatorlarda və ictimai oturacaqlarda olandan çoxdur! Nə etmək lazımdır? Müntəzəm olaraq və düzgün qaydada əlləri yumaq lazımdır:

·         Su kranını açın.

·         Əllərinizi sabunlayın.

·         Kranın dəstəyini sabunlayın. (Bu qayda ictimai yerlərə aiddir. Əks halda, əlləri yuduqdan sonra siz yenə çirkli kran dəstəyini tutacaqsınız və bakteriyaların çoxu əllərinizə geri qayıdacaq).

·         Kranın dəstəyindən sabunu yuyun.

·         Yenə əllərinizi sabunlayın ki, sıx köpüklər yaransın.

·         Əllərinizi ovucunuzun daxili və kənar hissələri ilə yanaşı dırnaqlarınızın alt dərisinə diqqət yetirməklə 15-30 saniyə yuyun.

·         Sabunu yuyun.

·         Kranı bağlayın.

·         Əllərinizi dəsmal ilə silin. Mütləq diqqət yetirin ki, dəsmal hər zaman təmiz olsun.

Müntəzəm olaraq əllərinizi yumağı unutmayın və hər zaman sağlam olun!