Ölkənin ilk uşaq telekanalı “ARB Günəş” 4 yaşını qeyd edir

01 2019 11:53

     Bu gün ölkəmizin ilk uşaq televiziyası “ARB Günəş”in 4 yaşı tamam olur. Azyaşlı tamaşaçıların sevərək izlədiyi telekanal 2015-ci il aprelin 1-də fəaliyyətə başlayıb. Televiziya 10 aprel 2015-ci il tarixindən etibarən yayımını “Azerspace 1” peyki vasitəsilə həyata keçirir. “ARB Günəş”i kabel televiziyalarında, eləcə də internetdə onlayn izləmək mümkündür.  “ARB Günəş” efir vaxtını bütünlüklə uşaqlara həsr edir. Televiziya azyaşlı izləyicilərə azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edir. “Biz gələcəyik”, “Yuxunuz şirin olsun”,  “Gəlin oynayaq”, “Xəbərdar ol”, “Mən məktəbli ikən”, “Kiçikdən - böyüyə” və digər verilişlərdə uşaqlara davranış, ünsiyyət qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, mütaliə vərdişləri öyrədilir, izləyicilərə uşaq aləmində baş verən ən son yeniliklər çatdırılır. Proqramlarda istedadlı məktəblilər öz bacarıqlarını nümayiş etdirirlər. Ölkənin ilk uşaq kanalında dublyaj studiyası fəaliyyət göstərir. Xarici dildə olan cizgi və animasiya filmləri ana dilimizə tərcümə olunaraq azyaşlı izləyicilərə təqdim olunur.  “ARB Günəş”  “ARB Media Qrup”a daxil olan digər kanallar və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “Təhsil TV” ilə  sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində həmin televiziyaların istehsalı olan, tamaşaçı rəğbəti qazanan verilişlər “ARB Günəş”in efirində  yayımlanır.Telekanal  təkcə əyləncəli və maarifləndirici deyil, eləcə də, sosial xarakterli layihələrə imza atıb. Belə ki, televiziya hər il ənənəvi olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə “Yollarda uşaqların təhlükəsizliyini qoruyaq” adlı aksiya  təşkil edir. Qarabağ mövzusu, cəbhə bölgəsində yaşayan uşaqlar da  həmişə diqqət mərkəzindədir. “ARB Günəş” 2016-cı ildə Tərtər, Ağdam və digər cəbhəboyu ərazilərdə müharibə şəraitində yaşayan uşaqların həyatını əks etdirən videoçarxlar hazırlayıb. “Onlar uşaqlığını yaşaya bilmir” devizi ilə lentə alınan videoçarxlarda ermənilərin balacaların “əlindən aldıqları”, mərmi, silah səsləri ilə müşayiət olunan uşaqlıq ictimaiyyətə göstərilib. Televiziya tərəfindən 2019-cu ildə çəkilən “Xocalı” klipində Xocalı soyqırımının qurbanı olan, həyatını, ailəsini itirən uşaqların faciəsi əks olunub.Türkiyənin İstanbul şəhərində keçirilən ənənəvi Beynəlxalq Uşaq Mediası Konfransında ölkəmizi hər il  “ARB Günəş”in nümayəndə heyəti  təmsil edir.  Hazırda televiziyanın texniki bazasının və yayım imkanlarının genişlənləndirilməsi istiqamətində işlər davam etdirilir. “ARB Günəş” gələcəkdə milli-mənəvi dəyərlərə söykənən, maarifləndirici, uşaq psixologiyasına  müsbət təsir edən  verilişlərin sayını artırmağı qarşıya məqsəd qoyub.