Rəssam Toğrul Nərimanbəyovun həyat və yaradıcılığı

04 2019 12:24

Görkəmli rəssam Toğrul Nərimanbəyov 1930-cu il avqustun 7-də Bakı şəhərində anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində, 1950-1955-ci illərdə Vilnüs şəhərində Litva Dövlət Rəssamlıq Universitetində təhsil alıb. XX əsrin 50-ci illərindən etibarən yaradıcılıq aləminə qədəm qoyan Toğrul Nərimanbəyov hələ gənclik dövründə öz fitri istedadı sayəsində geniş şöhrət tapıb, ölkəmizdə və onun hüdudlarından kənarda tanınıb. Fırça ustasının Moskva, Vilnüs, Praqa, Varşava və Avropanın digər şəhərlərində fərdi sərgiləri keçirilib.Tanınmış rəssam teatr dekorasiyaları üzərində də işləyib. Azərbaycan Opera və Balet Teatrında Fikrət Əmirovun “Nəsimi haqqında dastan” poemasının və “1001 gecə” baletinin səhnə tərtibatına görə dövlət mükafatına layiq görülüb. Toğrul Nərimanbəyovun rəsm əsərləri Tretyakov qalereyasında, Paris və London şəhərlərinin muzeylərində nümayiş olunur,  həmçinin şəxsi kolleksiyalarda saxlanılır.Rəssamın portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi əsərlərindən "Bayıl mənzərəsi", "Səadət", "Sevinc", "Həyat naminə", "İşıqlı gələcək uğrunda", "Rəssamın ailəsi", "Yazıçı Anar", "Səttar Bəhlulzadə", "Ana", "Qız Qalası", "Yaylaqda", "Çoban ailəsi", "Məhsul bayramı",  "Bakıda bazar"  və   başqalarını qeyd etmək olar.