Dişlərə necə qulluq edilməlidir?

04 2019 12:27


Dişlərimizin sağlam olması, tez çürüyüb sıradan çıxmaması üçün onlara hər gün qulluq etməliyik. Yemək yeyəndən sonra dişlərin arasında qalan qida qalıqları bakteriyaların çoxalması üçün şərait yaradır. Həmin bakteriyalar zamanla dişləri də sıradan çıxarır. Ağız sağlamlığını qorumağın ən əsas şərti dişləri fırçalamaqdır.  Körpə 6-8 aylıq ikən, yəni ilk dişləri ağızda göründüyündə səhər yeməyindən sonra və gecə yatmazdan əvvəl dişlərini təmiz, islanmış tənziflə silmək olar. Həkimlər diş fırçası istifadəsinə uşağın arxa dişləri çıxdıqdan sonra başlana biləcəyini deyirlər. 3 yaşa qədər uşaqların diş məcunundan istifadə etməsi məsləhət deyil. Bu yaşdan sonra isə valideynlərinin nəzarəti ilə dişlərini fırçalamalıdırlar. Noxud boyda diş  məcunu uşaqların dişlərini təmizləməsi üçün kifayət edir. Çünki, çox olsa balacalar məcunu uda bilərlər. Gündə ən azı iki dəfə dişləri fırçalamaq lazımdır. Çünki ağızda bakteriyalar 12 saatdan bir çoxalır. Səhər yeməyindən sonra və gecə yatmazdan əvvəl dişləri fırçalamaq üçün daha uyğun vaxtdır. Dişləri fırçalamaqda məqsəd onların üzərinə yapışmış və gözlə görünməyən qida qalıqlarını təmizləməkdir. Uşaqların yumşaq tüklü fırçadan istifadə etməsi məsləhətdir. Əks halda sərt fırça damağı və dişləri zədələyə bilər.  Diş fırçasını 4-5  aydan bir dəyişmək məsləhətdir. Təbii diş məcunlarından istifadə dişlərin sağlamlığı üçün əhəmiyyətlidir.Dişlərlə qoz, fındıq kimi bərk qabıqlı meyvələri sındırmaq olmaz.Yemək yeyəndən sonra qarqara etmək məsləhətdir. Belə olanda qida qalıqları dişin dibində ilişib qalmır. Dişlərin funksiyası çeynəməkdir. Uzun müddət yumşaq qida qəbul etmək dişlərin daha tez çürüməsinə səbəb olur. Odur ki, dişləri çox işlətmək lazımdır.Xırçıldayan meyvə - tərəvəz  yemək dişlərdə ərpin yaranmasının qarşısını alır.Dişlərin sağlamlığı üçün kalsium ən önəmli elementlərdən biridir. Kalsiumla zəngin olan süd və süd məhsulları qəbul etmək dişləri möhkəmləndirir.Həddindən artıq şirniyyat yemək dişlər üçün zərərlidir. Şirniyyatları qəbul edəndən sonra mütləq dişlər fırçalanmalıdır. Çay, qəhvə şəkərsiz və ya az şəkərli içilməlidir.