Düzgün qamətə necə sahib ola bilərik?

11 2019 12:13

Düz qamət sağlamlıq və gözəllikdir. Amma bəzən belimizi düz saxlamırıq. Nəticədə qamət əyilir, sağlamlığımız təhlükə altında qalır. Gəzərkən  belini və başını düz saxlaya bilmək insanın əhvalına da müsbət təsir edir. Onurğa sütununda istənilən dəyişiklik ayaq və oynaq xəstəliklərinin yaranmasına şərait yaradır. Bu səbəbdən də onurğa sütununun sağlamlığına ciddi yanaşmaq lazımdır.Uşaqlıqda belini bükən adam böyüdükdə bu qüsuru çətinliklə düzəldə bilir.  4 yaşından etibarən balacalara  belini düz saxlamağı öyrətmək lazımdır. Düz qamət deyərkən nə başa düşülür? Beli düz saxlamalı, baş qarınla paralel olmalı, çənə yuxarı qaldırılmalı, çiyinlər eyni səviyyədə olmalı və arxaya çevrilərək bir qədər aşağıda saxlanılmalıdır.  Qamətinizin düz olub-olmadığını yoxlamaq üçün divara söykənib ayaqları birləşdirmək, əlləri aşağı düz sallamaq, başı, dirsəkləri, topuqları divara söykəmək lazımdır. Belə vəziyyətdə əlinizi belinizin arxasında yaranan boşluğa sala bilirsinizsə, deməli, siz düz dayanırsınız.  Əgər problem varsa sadə məşqlərlə qaməti xeyli düzəltmək olar. "Bunun üçün hər gün 15-20 dəqiqə çiyinləri düzəldib, başı divara söykəyib dayanın. Kitabı başınıza qoyub gəzin, bacardığınız qədər kitabı başınızın üstündə saxlayın.  Bel əzələlərindən başqa qarın əzələləri də düz dayanmağa kömək edir. Qarın əzələlərini hər gün məşq etdirmək lazımdır. Gündəlik məşqlərdən 2 həftə sonra qarın əzələləri möhkəmlənəcək.  Sağlamlıq və düz qamət üçün bərk və ya orta yumşaqlıqda olan ortopedik döşəkdə yatmaq lazımdır. Yastıq seçərkən ya ortopedik, ya da boynun təbii vəziyyətini saxlayan yastıqlara üstünlük verilməlidir. Bərk döşək üçün orta ölçüdə olan yastı yastıq seçilməli və ya ümumiyyətlə, yastıqdan istifadə edilməməlidir. Pediatrlar  tövsiyə edir ki, məktəbli çantaları uşağın boyuna, çəkisinə uyğun olmalıdır. Çünki ağır çantalar məktəblilərin onurğa sütununu əyir. Çantanın çəkisi uşağın çəkisinin təqribən 10 faizindən çox olmamalıdır: Yəni 6 yaşlı uşağın normalda çəkisi təqribən 22 kq-dır. Belə olan halda o,  təxminən 2-2,5 kq ağırlığında çanta daşıya bilər. Uşaqlar partada, stulda düzgün oturuş qaydalarına da riayət etməlidirlər.  Şagirdin gözü ilə partanın arasındakı məsafə təxminən 30 sm olmalıdır. Yanlara əyilərək oturmaq  vərdişi qamətinizin əyilməsinə səbəb ola bilər.