Pyotr İliç Çaykovskinin həyat və yaradıcılığı

12 2019 11:05

Pyotr Çaykovski dahi rus bəstəkarıdır. Onun musiqisi rəngarəngliyi, qeyri-adi melodiya zənginliyi ilə seçilir. Çaykovski Rusiyanın Vyatsk quberniyasının Votkinsk şəhərində mühəndis ailəsində anadan olub. 4 yaşından fortepianoda ifa etməyə başlayıb. 14 yaşında ikən onun bəstəkarlıq istedadı üzə çıxır. 1862-ci ildə yeni açılmış Sankt -Peterburq konservatoriyasına qəbul olur.  Konservatoriyada orkestr və kompozisiya ilə məşğul olur. Burada oxuduğu illərdə A.N.Ostrovskinin "Tufan" pyesinə eyni adlı uvertüra və F.Şillerin şerinə kantata bəstələyir. Pyotr təhsilini bitirdikdən sonra 1866-cı ildə Moskva konservatoriyasına harmoniya professoru vəzifəsinə dəvət alır. Bu ərəfədə bir çox musiqi əsərləri bəstələyir. Moskvada işlədiyi ilk iki il ərzində Çaykovski özünün ilk simfoniyasını və ilk operası olan “Voyevoda”nı yazır. Növbəti illərdə möhtəşəm uğurlara imza atan bəstəkarın “Dəmirçi Vakula” operası və “Qu gölü” baleti səhnəyə qoyulur.Çaykovski vaxtının çox hissəsini xarici ölkələrdə keçirirdi. 1891-ci ilin baharında ilk dəfə Amerika Birləşmiş Ştatlarına səfərə çıxır.  Avropaya nisbətən burada daha məşhur olduğunu görür. Rusiyaya qayıtdıqdan sonra, yay aylarını “İolanta” operasının və “Şelkunçik” baletinin bəstələməsinə həsr edir.1893-cü ilin əvvəlində Çaykovski Altıncı simfoniya üzərində işləməyə başlayır. Lakin Kembric universitetinin ona təqdim etdiyi fəxri musiqi doktoru dərəcəsini almaq üçün İngiltərəyə səfəri ilə əlaqədar əsər yarımçıq qalır. Simfoniya avqust ayında tamamlanır və oktyabrın 28-də Sankt-Peterburqda müəllifin müşayiəti ilə ifa edilir.  Konsertdən beş gün sonra Çaykovski xəstəliyə tutulur və 1893-cü ildə vəfat edir.