Çəhrayı delfin görmüsünüz?

18 2019 11:22

Bu gözəl delfinlər Amazon çayında yaşayır. Onları “Amazon delfinləri” və ya “İnia” adlandırırlar. Yetkin fərdlər təxminən 2,5 metr boyunda olur. Çəkiləri 97 - 207 kq arasında dəyişir. Gövdə ölçülərinə görə yan üzgəcləri böyükdür və arxaya doğru qıvrılır. Amazon delfininin kürək üzgəci yoxdur. İncə və uzun bir ağzı var. Həm alt, həm üst çənədə 25-35 cüt arası olur. Ön dişlər çəngəl şəklindədir, arxa dişlər iti uclu amma daha düzdür. Öndəki dişlərlə ovu tutur. Bu delfinlərin rəngi yaşa görə dəyişir. Yeni doğulanlar və gənclər boz rəngə sahibdirlər. Böyüklərin rəngi isə çəhrayı olur. Rənglərin fərqliliyi istilik, suyun şəffaflığı və coğrafi mövqedən də asılıdır. Almaniyada akvariumda saxlanılan albinos bir Amazon delfini var.Amazon delfini tək yaşayır. Bəzi hallarda hərəsində 5 delfin olmaqla qruplara ayrılırlar. Bir-birləri ilə xüsusi səs çıxararaq ünsiyyət qururlar. Görmə və qoxu bilməsi yaxşı inkişaf edib. Onlar oturaq həyat tərzi keçirir. Yalnız çaylarda su səviyyəsinin dəyişməsi zamanı köç edirlər. Günün istənilən vaxtında aktivdilər. Amazon delfinləri, əsasən xərçəng və xırda balıqlarla qidalanırlar. Bəzən kiçik tısbağaları da yeyirlər. Gözləri kiçik olmasına baxmayaraq olduqca yaxşı görürlər. Ancaq çıxıntılı yanaqlarına görə aşağını çox da yaxşı görə bilmirlər. Çəhrayı Amazon delfini Beynəlxalq Qırmızı Kitabın siyahılarında "həssas növ" statusu alıb. Saylarının azalma təhlükəsi var.