Robot ev heyvanı

20 2019 15:05

Uşaqlar, ev heyvanı deyərkən ağlınıza nə gəlir? İtlər, pişiklər, rəngarəng quşlar, atlar, keçilər və s. Bu siyahını uzatmaq olar. Ancaq indi sizi tanış edəcəyimiz ev heyvanı bir qədər fərqlidir. Çünki o robot ev heyvanıdır. Yaponiyada alıcılar üçün ev heyvanını əvəz edəcək robot satışa çıxarılıb. "Lovot" adlanan robot "Groove X" şirkəti tərəfindən hazırlanıb. Adətən robotlar verilən tapşırığı yerinə yetirmək və həyatımızı asanlaşdırmaq üçün tərtib edilir. Lakin Lovot hər hansı bir iş görmək üçün deyil, insanlar tərəfindən sevilmək və onlarla dostluq etmək üzrə proqramlaşdırılıb. Evin içində, 3 təkər üstündə hərəkət edən robot təəccübünü, sevgisini, hətta qucağınıza gəlmə istəyini bildirən bir cüt qanada sahibdir.Güclü kompüter və süni intellekt sistemi ilə təchiz olunan "Lovot" sahiblərini yaxşı yadda saxlayır və məxsusi olaraq ələ götürülmək üçün yaradılıb.Boyu təxminən insan dizinə çatan  robot təxminən 3 kq ağırlığındadır. İsti və xoş toxunuşlu səthə malikdir. Xaricindəki  parça örtük isə çıxardılıb yuyula bilər. Lovotun bir maraqlı xüsusiyyəti də var. O toxunuşu hiss edir, əgər onu qıdıqlasanız güləcək, qucağınıza alıb yelləsəniz yuxuya gedəcək. Robot ona quraşdırılmış kamera sayəsində təhlükəsizlik və evdə tək qalan uşaqlara nəzarət sistemi kimi də istifadə oluna bilər. O, ətrafında olan insanların davranışını qeydə alır və buna uyğun olaraq onlara münasibət göstərir. "Lovot" onu vuran və ya xətrinə dəyən insandan uzaq durmağa çalışır.