Milli Məclisin mətbuat katibi: “İlk dərs günündə uşaqlara qoşulub ağladım”

23 2019 15:22

Ölkənin ilk uşaq telekanalı “ARB Günəş”in “Mən məktəbli ikən” verilişinin qonağı Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu olub. O məktəb xatirələrini bölüşərkən bildirib ki, insan özünü tapmağa, cəmiyyətə alışmağa məktəbdən başlayır. Məktəb illərinin dostları, sinif yoldaşları heç vaxt unudulmur: “Birinci sinfə başalayanda rəhmətlik nənəm əlimdən tutub məni məktəbə apardı. İlk dərs günündə uşaqların əksəriyyəti ağlayırdı, mən də onlara qoşuldum. Amma müəllimimiz bizi sakitləşdirdi və  dərsə başladıq. Məktəbdə oxuduğumuz dövrdə bizi ən çox məşğul edən şey kitablar idi, çünki o vaxt  indiki kimi mobil telefonlar yox idi”. Akif Təvəkküloğlu müasir dövrün məktəblilərinə tövsiyyələrini də verib və hazırkı dövrün məktəbliləri ilə heç vaxt unutmadığı bir xatirəsini paylaşıb: “Beşinci sinifdə oxuyanda bir bəndlik şeir yazmışdım. Həmin şeir təsadüfən mənim hərbi-hazırlıq müəllimimin əlinə keçdi və o mənə elə bir söz dedi ki, həvəsdən düşdüm. Ondan sonra bir müddət şeirə, yazmağa meylim olmadı. Amma görünür insanın içində bir arzu, məqsəd olanda o yenə üzə çıxır” – deyə əməkdar jurnalist qeyd edib.  Akif Təvəkküloğlu ölkənin ilk uşaq telekanalı “ARB Günəş” televizyasının fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, ölkədə belə bir uşaq telekanının olması çox vacibdir: “Mən “ARB Günəş” i nəvələrimlə bərabər izləyirəm. “ARB Günəş” bir uşaq televiziyası olaraq, babanı da, nənəni də, ata və anaları da çox sevindirir, çünki uşaqlarımızın tərbiyəsində önəmli rol oynayır. Buna görə də sizə uğurlar arzu edirəm”  -  deyə,  Milli Məclisin mətbuat katibi əlavə edib.