Molekul nədir?

03 2019 12:16

Yer üzündəki bütün maddələr molekullardan təşkil olunub.  Molekul latın sözü olub,  “moles” – kiçik və “kula” - kütlə sözlərinin birləşməsindən yaranıb. Yəni, molekul kiçik hissəciklərdən - atomlardan ibarət əlaqəli sistemdir. Atom və molekullar daim hərəkət edirlər. Molekullar arasında qarşılıqlı cazibə və itələmə qüvvəsi mövcuddur. Təbiətdə atom tikintidə istifadə olunan inşaat materialı kimi bir şeydir. İnşaat materialının bir neçə növündən: kərpicdən, taxtadan, tirdən, şalbandan evlər, binalar tikirlər. Təbiət və insan isə təxminən 90 növ atomdan yüz minlərlə fərqli maddələr yaradıblar. Hər bir maddədə atomlar müxtəlif qruplarda birləşərək, fərqli molekullar əmələ gətirir. Hər maddənin öz molekulları var. Onlardan bəziləri çox bəsitdir. Məsələn, oksigenin molekulu iki oksigen atomundan, hidrogenin molekulu isə iki hidrogen atomundan ibarətdir. Bunlar bəsit maddələrdir. Lakin hidrogeni oksigenlə qarışdırıb qızdırsaq hidrogenin və oksigenin molekulları əvvəlcə atomlara parçalanacaq, sonra isə birləşərək suyun molekullarını əmələ gətirəcək. Su isə mürəkkəb maddədir.  Molekullar  fiziki hadisələr zamanı dəyişmirlər, lakin kimyəvi reaksiyalarda müəyyən dəyişikliyə məruz qalırlar. Eyni maddənin molekulları da eynidir; məsələn, su molekulu həm buzda, həm də buxarda olduğu kimi qalır.Əgər molekullar arasındakı rabitə zəifdirsə, onlardan ibarət maddə qaz halında olacaqdır. Məsələn, su buxarı. Onun molekulları sürətlə və sərbəst hərəkət edir. Su buxarını soyutduqda suyun molekulları yavaş hərəkət edəcək, bir –biri ilə birləşəcək və buxar mayeyə çevriləcək. Mayedə molekullar daha sıx yerləşir, lakin hər halda onlar müəyyən qədər sərbəst hərəkət edə bilir.Əgər temperaturu 0° C-dək azaltsaq , su donar və bərk kristal maddə -buz əmələ gələr. Buzda isə suyun molekulları,demək olar ki,ancaq öz yerində rəqs edə bilər. Molekullarda çoxlu çevrilmələr baş verə bilir. Bu çevrilmələrə kimyəvi reaksiyalar deyirlər. Onların vasitəsilə yeni maddələr və materiallar almaq mümkundür.