Azərbaycanlı məktəbli 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixində ən gənc qalib adını qazanıb

07 2019 11:15

Məktəbli dostumuz Fidan Qarayeva böyük bir uğura imza atıb. Belə ki, o, 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixində ən gənc qalib adını qazanıb. Fidan Bakı şəhər 257 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdidir. Məktəbli deyir ki, ilk vaxtlarda olimpiadada qalib olacağıma heç ümidim yox idi. Amma sonra hər şey fərqli oldu. Fidan qarşısına məqsəd qoyaraq olimpiadaya ciddi hazırlaşıb. 8 ay davam edən hazırlıq prosesində müəllimləri də ona çox dəstək olublar. Məktəbli dərslərini yaxşı oxuyur. Bütün fənlərə həvəslə hazırlaşır. Gələcəkdə peşə seçimi ilə bağlı qərarını isə dəqiqləşdirməyib.8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında 36 ölkədən 196 şagird iştirak edib. Bilik yarışmasına Avropa ölkələri ilə yanaşı, ABŞ, Kanada, Avstraliya,Hindistan və digər ölkələrdən də məktəblilər qatılıb. Olimpiadada  Azərbaycanı  Fidan Qarayeva yanaşı Zəhra Bayramlı, Şəms Əliyeva və Fidan Babayeva təmsil ediblər. Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin X sinif şagirdləri Zəhra Bayramlı və Şəms Əliyeva olimpiadanın xüsusi mükafatı olan həvəsləndirici sertifikata layiq görülüblər.