Meyvə necə yetişir?

15 2019 12:52

Dostlar, sevərək yediyimiz, şirin, turş, rəngarəng  və dadlı meyvələrin necə yetişdiyini bilirsinizmi? Bu süjetimizdə meyvələrin yetişməsi prosesi ilə tanış olacayıq. Meyvə meyvəyanlığı və toxumdan ibarət olur. Meyvəyanlığı toxumu qurumaqdan qoruyur və onun yayılmasını təmin edir. Ona görə də, bu bitkilər örtülütoxumlular adlanır. Bəzən meyvənin yaranmasında yumurtalıqla bərabər, çiçəyin digər hissələri, məsələn, çiçək yatağı da iştirak edir. Belə meyvələrə yalançı meyvə deyilir. Qarpız, yemiş, boranı, çiyələk, alma, armud, əzgil və bu kimi meyvələr yalançı meyvələrdir.Meyvəyanlığına görə meyvələri şirəli və quru olmaqla iki qrupa ayırırlar. Meyvələrdə müxtəlif sayda toxum ola bilər. Əgər meyvədə bir toxum olarsa, o, birtoxumlu, çoxlu miqdarda toxum olarsa, çoxtoxumlu meyvə adlanır. Şirəli meyvələrin yetişmiş meyvəyanlığının ləti şirəli olur. Şirəli meyvəyanlığı və bərk çəyirdəyi olan meyvələr çəyirdəkli meyvə adlanır. Bu meyvələrdə meyvəyanlığının daxili qatı daşlaşmış olur. Çəyirdəkli meyvələr birçəyirdəkli və ya çoxçəyirdəkli olur. Birçəyirdəkli meyvələrə ərik, şaftalı, albalı, gavalı, çoxçəyirdəkli meyvələrə isə moruq və böyürtkən aiddir. Giləmeyvələrin meyvəyanlığı şirəli olub xaricdən nazik dəriciklə örtülür və meyvə içərisində, adətən, çoxlu toxumu olur. Giləmeyvələrə üzüm, pomidor, badımcan, bibər, quşüzümü və s. aiddir. Birtoxumlu quru meyvələrin toxum qabığı nazik olur. Meyvəyanlığı toxum cücərərkən dağılır. Fındıqmeyvələrdə isə meyvəyanlığı bərk və oduncaqlaşmış olur. Toxumları sərbəst yerləşir. Bunlara fındıq aiddir.