Uşaqlar gün ərzində nə qədər duz qəbul etməlidir?

15 2019 12:56

Xörək duzu gündəlik istifadə etdiyimiz qida məhsulur. O natriumla xlorun kimyəvi birləşməsindən yaranan maddədir. İndi dünyanın hər yerində rast gəlinən, adi qida məhsulu olan xörək duzuna tarixən çox böyük ehtiyac olub. Keçmişdə duz çox bahalı idi. Bu məhsul hətta pul kimi istifadə olunurdu. Süfrəyə duz bahalı qablarda verilirdi. O, bolluğun rəmzi sayılırdı. Bəzi xalqlarda hörmətli qonağı duz-çörəklə qarşılamaq adəti indiyə kimi qalmaqdadır.Deyilənlərə əsasən duz ilk dəfə mətbəxə türklər tərəfindən daxil edilib. Bir əfsanəyə görə, Tütək xan çöldə kabab yeyərkən əlindəki tikə yerə düşür. Tikəni götürüb yedikdən sonra ətin dadının dəyişdiyini hiss edir. Məlum olur ki, əti dadlı edən duz imiş. Həmin vaxtdan etibarən duzun yeməklərdə istifadə olunmasına başlanılır.Ötən əsrin 60-cı illərində duza "ağ ölüm" adını veriblər. Çünki, həddindən artıq duz qəbulunun bir çox xəstəliklərə səbəb olduğu aşkarlanıb. Lakin xörək duzunu qidalanmadan tam kənarlaşdırmaq da doğru deyil. Yetkin insanın xörək duzuna olan gündəlik tələbatı 5 qramdır. 1-3 yaşlı uşaqlar gün ərzində 1,5 qramdan, 4-8 yaşlı uşaqlar isə 1,9 qramdan çox olmayaraq duz qəbul edə bilər.