Birinciləri məktəbə necə uyğunlaşdırmaq lazımdır?

22 2018 13:55

Gülay bu il birinci sinifə gedir. Amma məktəbə uyğunlaşmaq hələ də ona çətin gəlir. Hər gün həvəslə oynadığı oyuncaqlarından ayrıla bilmir. Dostumuz gün ərzində dərslərinə vaxt ayırır. Ev tapşırıqlarını  həll edərkən ən çox sevdiyi oyuncağı da onunla bərabər olur. Gülay kimi sinif yoldaşları da dərsə öyrəşməkdə çətinlik çəkirlər. Bəs maraqlıdır birincilər məktəbə uyğunlaşmaq üçün nə edirlər? İbtidai sinif müəllimi Nəcibə Əliyeva deyir ki, uşaqlar evdə həmişə ana nəvazişi, ata qayğısı görüblər, valideynlər onların hər nazını çəkiblər. Məktəbdə isə yeni kollektivlə qarşılaşırlar və burada nizam-intizam var. Buna görə də birincilərin dərsə alışması ilk vaxtlarda çətin olur. Bu halda onlarla səbrlə rəftar etmək lazımdır. Birinciləri çoxlu tapşırıqla yükləmək olmaz. Dərsə yeni başladıqları üçün ruhdan düşə bilərlər. Yaxşı olar ki, evdə valideynlər də dərslərin hazırlanmasında onlara yardımçı olsun.