Meteoroloji hadisələr hansılardır?

21 2019 11:17

Dostlar, bu süjetimizdə bir sıra meteoroloji hadisələrlə tanış olacayıq. Külək, burulğan, yağış, dolu, çovğun, sırsıra, toz burulğanları, şaxta, duman və s. meteoroloji hadisələrdir. O, bizim yanımızdadır, biz isə onu görmürük. Söhbət küləkdən gedir. Bəs o necə yaranır? Günəş Yerin hər tərəfini eyni dərəcədə qızdırmır. Ona görə də hava bəzi yerlərdə soyuq, bəzi yerlərdə isti olur. Soyuq hava isti yerlərə doğru hərəkət edir və isti havanı sıxışdırır. Beləliklə, isti hava kütlələri də hərəkət edərək yerini dəyişir. Külək belə yaranır. Hava kütlələrinin toqquşması nəticəsində digər meteoroloji hadisə - tornado yaranır. Bu güclü qasırğadır. Tornadolar müxtəlif formada və ölçüdə olurlar. Burulan hava kütləsi qıfa bənzəyir, onun ensiz boğazı var, yerin səthinə yaxınlaşır,  yuxarı qalxanda isə daha da genişlənir. Hər şeyi bir anda göyə sovura bilir. İndi isə yağış haqqında öyrənək. Yer səthindən buxarlanan su buxarı yuxarıya qalxaraq soyuyur və maye halına keçir. Ancaq buxarın damla halına keçməsi üçün bir dayaq olmalıdır. Bu isə, havada mövcud olan toz hissəcikləri, bitki sporları, duz kristalları və sairə ola bilər. Maye halına keçmiş sonsuz sayda su zərrəcikləri buludların yaranmasına səbəb olur. Buludlarda toplanmış su zərrəcikləri bir biri ilə birləşib yağış damlalarını yaradırlar. Bu damlalar böyüdükcə ağırlaşır və cazibə qüvvəsinin təsiri ilə yer səthinə düşürlər. Beləcə yağış yaranır. Adətən ilin isti dövrlərində yağan atmosfer hadisələrindən biri də doludur. Dolu dənələri həddən artıq soyumuş buludda donan damcılar nəticəsində meydana gəlir. Sonradan bu  damcılar onlarla toqquşan digər zərrəciklər hesabına iriləşir. Dolunun yağma müddəti isə bir neçə dəqiqədən yarım saata qədər çəkir.  Atmosferdə baş verən təhlükəli meteoroloji hadisələrdən  biri də tayfundur. Tayfunlar, əsasən, günün ikinci yarısında su səthinin maksimum qızmasından sonra yaranır. Bu zaman küləyin sürəti saniyədə 30 m-ə qədər çatır. Atmosferdə baş verən proseslər bəzən Yerdə təhlükəli təbiət hadisələri yaradır. Meteoroloji müşahidə aparan mütəxəssislər leysan yağışları, güclü küləklər və s. fövqəladə hadisələr haqqında qabaqcadan xəbər vermək imkanına malikdilər. Bu məlumatlar isə dağıntı və tələfatların qarşısını almağa və ya azaltmağa kömək edir.