İstirahət etməyin hansı faydaları var?

22 2019 12:43

İtirilmiş enerjini bərpa edilməsi, sağlamlığın qorunması, beyinin sakitləşməsi üçün istirahət etmək vacibdir. Dincəlmədikdə adam yorğun, əzgin, əsəbi və yuxulu olur. Uzun müddət istirahət etmədikdə yaddaş pozğunluğu da yaranır. Bu zaman nəyisə yadda saxlamaq, fikrini cəmləmək, sadə məsələləri belə həll etmək çətinləşir. Yorğunluq immun sisteminə də təsir göstərir. Orqanizmin viruslara qarşı müqaviməti zəifləyir, insan adi xəstəliklərin qarşısında aciz qalır. İstirahət vaxtı təkcə bədən deyil, beyin də dincəlməlidir. Bunun üçün açıq havada gəzinti, üzgüçülük, qaçış çox faydalıdır. Çünki dəniz və günəş orqanizm üçün ən yaxşı vitamin mənbəyi hesab edilir.İnsan orqanizmində olan əksər orqanlar həm işləyir, həm də istirahət edir. Bir sözlə istirahət fəaliyyətin ayrılmaz hissəsidir. Yəni ki, uşaqlar istirahət yoxdursa, sağlamlıq da yoxdur. Çünki dincəlmədikdə orqanizmin fəaliyyəti pozulur, hətta orqanlar, toxumalar, hüceyrələr zədələnir.  Fiziki və zehni iş zamanı sinir hüceyrələri oyanır. Əgər bu oyanmalar çox davam edərsə, sinir hüceyrələrinin fəaliyyəti avtomatik olaraq ləngiyir. Belə hallarda istər fiziki, istərsə də zehni işi dayandırmaq lazımdır ki, beyin qabığının və əzələlərin işi bərpa olunsun.  İstirahətin iki növü var: fəal, yəni hərəkətli və passiv istirahət. Fəal istirahət zamanı əzələlər və sinir sistemi öz iş qabiliyyətini daha tez bərpa edir. Zehni iş zamanı yorulanda isə orqanizm fiziki işə keçsə, onun yorğunluğu daha tez aradan qalxır. Passiv istirahətə yuxunu misal göstərə bilərik.  Düzgün yuxu rejiminin sağlamlığımız üçün böyük əhəmiyyəti var. Düzgün yuxu rejimi dedikdə eyni vaxtda yatıb, eyni vaxtda oyanmaq nəzərdə tutulur. Bəzi insanlar gündüzlər 1-2 saat yataraq gecə yuxusunun müddətini qısaldırlar. Bu zaman orqanizmə ziyan dəyir. Məktəblilər sutka ərzində 8-10 saat yatmalıdırlar.