Biomüxtəliflik nədir?

23 2019 11:54

Bioloji müxtəliflik  yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. Təbiət canlılardan və cansızlardan ibarətdir. Bitki və heyvanlar, həmçinin bakteriyalar, göbələklər və viruslar birlikdə canlı təbiəti təşkil edir. Planetimizdə yaşayan canlılar olduqca müxtəlifdir. Onlar 4 aləmə — bakteriyalar,göbələklər, bitkilər və heyvanlar aləminə ayrılır. İndi isə canların hər biri haqqında ayrı-ayrılıqda öyrənək. Bakteriyaların uzunluğu 2-10, eni isə 1-2 mikron olur. Yəni 10 min bakteriyanı yan-yana düzə bilsəniz, təxminən 2,5 santimetr olar. Rəngsiz olduqlarından mikroskopla görmək asan deyil. Xüsusi boyalar qatılaraq rəngləndirildikdən sonra bakteriyaları izləmək mümkün olur. Bakteriyaların həm mənfi, həm müsbət  təsirləri var. Məsələn, suyun çirklənməsinin birinci səbəbkarı bakteriyalardır. Lakin  bakteriyalar olmasaydı, torpağın məhsuldarlığını qorumaq, bitki yetişdirmək də  çətin olardı. Çörək, qatıq, sirkə, pendir, turşu kimi qida maddələrini bakteriyalarsız əldə etməyimiz mümkün ola bilməzdi. İndi isə  göbələklərlə tanış olaq. Göbələklər kölgəsevən canlılardır. Onlar təbiətin hər cür şəraitində yaşamağa uyğunlaşıb. Onu torpaqda , ağacın oduncağı və yarpağı üzərində, çürümüş ərzaq məhsullarının üzərində tapmaq mümkündür. Göbələkləri öyrənən elm isə mikologiya adlanır. Planetimizin bitki örtüyü olduqca zəngindir. Dünyada təxminən 560 min bitki növü mövcuddur. Yerüstü bitkilər hər il 20 milyard ton, su bitkiləri isə 155 milyard ton karbon qazı mənimsəyir. Lakin elm və texnikanın inkişafı, avtomobillərin sayının artması atmosferdə karbon qazını durmadan artırır. Bitkilər onu azaltmaqla canlıların ölüm təhlükəsinin qarşısını alır. Bir hektar bitki sahəsi saatda 8 kq karbon qazı mənimsəyir. Yer üzərində 2 milyondan çox heyvan növü mövcuddur.  Heyvanlar planetimizin hər yerində - quruda, torpaqda, şirin sularda, dənizlərdə yayılıblar. Heyvanların da bitkilər kimi, təbiətdə, insan həyatında böyük əhəmiyyəti var. Onların bəziləri bitkilərin tozlanmasında, toxumların yayılmasında, torpağın münbitləşməsində, gübrələnməsində iştirak edirlər. Dostlar, əgər yer üzündə biomüxtəliflik tamamilə məhv olsaydı, insan təbiətdən əldə etdiyi ərzaq və təsərrüfat məhsullarını tapmaz, ozon qatı yox olar, nəfəs almaq çətinləşər, iqlim həyat üçün dözülməz hala düşərdi. Ona görə də, təbiətin hər bir canlı üzvünə qayğı ilə yanaşmaq lazımdır.