Mikroflora nədir?

24 2019 12:15

Dostlar, bu dəfə qəbul etdiyimiz qidaların mikroflorası ilə tanış olacayıq. Mikroflora nədir? Əvvəl bu sözün mənasını öyrənək. Mikroflora  mikroorqanizmlərin canlıların üzərində və ya daxilində yaşayaraq  əmələ gətirdiyi  mühitdir.Qida məhsulları mikroorqanizmlərin yaşaması üçün əlverişli mühitdir. Burada həm saprofit, həm də parazit mikroorqanizmlərə rast gəlinə bilər. Ümumilikdə bakteriyaların bir qismi məhv olmuş orqanizmlərin üzvi qalıqları ilə qidalanır. Bunlara saprofit bakteriyalar deyilir. Saprofit bakteriyalar südün qatığa çevrilməsində, kələmin turşumasında və s. proseslərdə iştirak edirlər. Bitkilərin, heyvanların, həmçinin insanın müxtəlif toxumalarında yaşayan, xəstəlik törədən bakteriyalar da məlumdur. Onlara isə  parazit bakteriyalar deyilir. Qidanın növündən, mənşəyindən, saxlanılma şəraitindən asılı olaraq onun mikroflorası fərqli olur. Ət və ət məhsulları, süd və süd məhsulları, konservləşdirilmiş qidalar mikroorqanizmlər üçün yaxşı mühitdir. Bu məhsullar emal və saxlanma prosesində mikroorqanizmlərlə çirklənə bilir. Buna görə də ətdə olan bakteriyaların mikroskopla yoxlanılması nəticəsində qidanın təzə və ya köhnə olduğu müəyyən edilir. Məsələn, təzə balıq əti düzgün saxlanılmadıqda onda mikroorqanizmlər sürətlə çoxalır. Duzlanmış, hisə verilmiş balığın, konservləşdirilmiş, eləcə də digər balıq məhsullarının tərkibində torpaqdan balığın bağırsağına keçmiş bakteriyalar olur. Bunların inkişafı isə qida zəhərlənmələri törədir. Konservləşdirilmiş ət, balıq və tərəvəz məhsulları, adətən, mikroblardan təmizlənmiş halda  olur. Onların tərkibinə bakteriyaları məhv edən xüsusi konservantlar qatılır. Konservləşdirilmə prosesində bakteriyalar və onların sporları məhv olsa da, bəzi sporlar həyat qabiliyyətini saxlaya bilir. Məhsulların saxlanma şərtlərinə əməl edilmədikdə sporlar inkişaf edərək qidanı xarab edir. Məsələn, çiy südü adi şəraitdə saxladıqda tərkibində süd turşusu bakteriyaları, çürümə bakteriyaları və bəzi göbələklərin sayı artır. Beləliklə, məhsul keyfiyyətini itirir.