Müslüm Maqomayevin yaradıcılığı ilə tanış olaq

31 2019 12:03

Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci ildə Bakıda dünyaya göz açıb. Uşağa babasının – görkəmli bəstəkar Müslüm Maqomayevin adı verilir. Balaca Müslüm babasını görməsə də, onun həyatı ilə maraqlanır və qərara alır ki,  babasının yolunu davam etdirsin. Bəstəkar Müslüm Maqomayev ağlına belə gətirməzdi ki, 1916-cı ildə yazdığı “Şah İsmayıl” operasındakı Aslan şahın ariyasını illər sonra adını daşıyan nəvəsi Müslüm ifa edəcək.  Müslüm uşaq yaşlarından dənizi, gəmiləri, fantastik əsərləri, nağılları çox sevib və rəsmlər çəkib. Hətta  Jül Vernin “Nautilus”una oxşar “gəmi” də düzəldib. Uolt Disneyin bütün filmlərini toplayırdı. Gələcəyin məşhur ifaçısı oyuncaq maşın və qalay əsgərciklərlə oynayan həmyaşıdlarından fərqli olaraq əlindəki karandaşla “dirijorluq” edirdi.  Səkkiz yaşında nadir səsi ilə müəllimlərini heyran qoyub. 14 yaşında dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. O, Helsinkidə keçirilən VIII Ümumdünya festivalından medalla qayıdıb. Görkəmli sənətkar Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, Milanın dünya şöhrətli “La Skala” teatrında təcrübə keçib. Müslüm Maqomayevin sonrakı yaradıcılığı Moskva ilə bağlıdır. Rusiyanın görkəmli bəstəkarları onun səsinə uyğun mahnılar yazıblar. Müğənninin repertuarında Azərbaycan musiqisi, Üzeyir Hacıbəylinin “Sənsiz”, “Sevgili canan” romansları və  digər əsərlər  xüsusi yer tutur. Onun repertuarına, ümumilikdə, 600-dək əsər daxildir. Bəstəkarlıq sahəsində də özünü sınayan M.Maqomayevin yaradıcılığında Nəbi Xəzrinin sözlərinə yazdığı “Azərbaycan” mahnısı özünəməxsusluğu ilə seçilir. Məşhur müğənni haqqında  “Oxuyur Müslüm Maqomayev” adlı film çəkilib. 1997-ci ildə Günəş sistemi planetlərindən birinə onun adı verilib. Müslüm Maqomayevin yaxşı müşahidə qabiliyyəti və gözəl qələmi olub. İtalyan mənşəli Amerika müğənnisi Mario Lansa haqqında kitab yazıb.  Onun “Mənim məhəbbətim melodiya” kitabında isə biz Müslüm Maqomayevin gözəl insan, dahi şəxsiyyət və dünya şöhrətli müğənni, ən əsas isə – vətənpərvər insan, əsl azərbaycanlı obrazını  görürük. Görkəmli sənətkar  2008-ci il oktyabrın 25-də vəfat edib və Bakıda Fəxri xiyabanda dəfn olunub. Ölümündən  əvvəl yazdığı sonuncu mahnısı “Əlvida, Bakı” adlanır.