Bitkilər necə tənəffüs edir?

12 2019 14:23

Әksər orqanizmlər həyat fəaliyyəti prosesində oksigeni udur və karbon qazını xaric edir. Bu proses tənəffüs adlanır. Bitkilər də tənəffüs zamanı oksigen udur və karbon qazını xaric edir. Onların bəziləri tənəffüs üçün lazım olan oksigeni havadan bütün səthi vasitəsilə alır. Məsələn, yosunlar suda həll olmuş oksigeni səthi ilə qəbul edir. Bitkilərin bir çoxunda tənəffüs prosesində ağızcıq və ya mərciməklər iştirak edir. Ağızcıqlar əksər bitkilərdə yarpağın alt tərəfində yerləşir. Onların yumulub-açılması sayəsində yarpaqlara hava daxil olur. Mərciməklər isə adətən gövdənin qabıq hüceyrələri arasında yerləşir. İri quru bitkiləri hüceyrələri arasındakı boşluqlara daxil olan hava ilə tənəffüs edir. Bitkidə olan hüceyrəarası boşluqlar tənəffüsdə böyük əhəmiyyət kəsb edir. Digər orqanlar kimi bitki kökləri də tənəffüs zamanı oksigen udur və karbon qazını buraxır. Gilli və bataqlıqlaşmış torpaqlarda bitkilər oksigen çatışmazlığından əziyyət çəkir. Belə torpaqlarda su havanı çıxarır və köklərin normal tənəffüsü pozulur. Tropik bitkilərdə əlavə tənəffüsü təmin edən tənəffüs kökləri olur. Bitki kökünə daim havanın daxil olması üçün ağacların dibindəki torpağı yumşaltmaq məsləhət görülür.