Hərəkət edən nəhəng kuklalar

20 2019 15:32

1979-cu ildə  Fransanın Nant şəhərində  "Royal de Luxe" adlı qeyri-adi bir teatr qurulub. O vaxtdan bəri bu teatr qrupu bütün dünyanı gəzir. Aktyorlar isə insan deyil. Onlar 15 metr hündürlüyündə olan nəhəng mexaniki kuklalardır. "Royal de Luxe" kukla teatrı maraqlı küçə səhnəcikləri təqdim edir.Belçika, İngiltərə, Fransa, Almaniya, Çili, İslandiya, Avstraliya, Meksika kimi ölkələrin böyük şəhərləri genişmiqyaslı şoular üçün əlverişli arenadır. Teatr qrupunun tamaşaları tam əhvalatı əhatə etdiyi üçün bir neçə gün davam edir. Məsələn, “Sultanın filləri” tamaşası zamanda səyahət edən bir qızın sərgüzəştlərindən bəhs edir. Tamaşada nəhəng mexaniki fillər iştirak edir. “Dəniz odisseyi” tamaşasında eyni anda meydana 3 nəhəng kukla- 9 metr hündürlüyündəki qız, onun 15 metr hündürlüyündəki əmisi və it çıxır. Şəhərin parklarında, küçələrində bu cür səhnəciklərə rast gəlinmədiyi üçün “Royal de Luxe” teatrının tamaşaları hər zaman maraqla qarşılanır və böyük izləyici kütləsi toplayır. İri kuklalar mexaniki, hidravlik sistem və hərəkəti tənzimləyən iplərin köməyi ilə idarə olunur. Yaxşı nəticə əldə etmək üçün bir kuklanı eyni anda 25-30 nəfər insan idarə etməlidir. Belədə kuklalar insan kimi hərəkət etməyə başlayır.