Arxeoloq peşəsi haqqında maraqlı məlumatlar

25 2019 14:51

Arxeologiya tarixi qədim əşyalar və tikililər əsasında öyrənən elm sahəsidir. Bunlar əmək alətləri, pul, evlər, məbədlər və məzarlar ola bilər. Əvvəllər qədim məskənlərdə xəzinə axtarmaq məqsədi ilə qazıntı işləri aparırdılar. Amma XIX əsrin əvvəllərindən başlayaraq arxeoloqlar qazıntıları elmi məqsədlərlə və səliqə ilə aparmağa başladılar. Onlar aşkarlanan əşyalarla ehtiyatla rəftar edir, tapıntıların təsvirini və tapıldığı yeri qeyd edirdilər. Əgər siz təbiəti, tarixi öyrənməyi sevirsinizsə, açıq havada saatlarla qazma işləri aparmaqdan yorulmursunuzsa, səbirli və araşdırmaçı xarakterə sahibsinizsə arxeoloq peşəsi sizi gözləyir. Arxeologiya sosiologiya, coğrafiya, tarix, etnologiya kimi bir çox elm sahəsi ilə qarşılıqlı araşdırma aparan elm sahəsidir. Ona görə də bu peşə sahibləri qədim yazıları oxuya bilən tarixçilərlə, həmçinin heykəltəraş, memarlarla daim qarşılıqlı ünsiyyətdə olmalıdır. Məhz bu səbəbdən, bəzən arxeoloqlar öz peşələrindən başqa fərqli sahədə də təlim görməyə üstünlük verirlər. Bir arxeoloqun əsas iş alətləri isə kürəkcik, qazma aləti, əl arabası, fırça, süpürgə,fotoaparat, metrə, bəzi kimyəvi maddələrdir. Müasir elm arxeoloqların işinə yardım göstərir. Radiokarbon metodunun köməyi ilə tapılan əşyaların yaşını müəyyən etmək olur. İnfraqırmızı və rentgen şüalarının köməyi ilə tunc qabın pas təbəqəsi ilə örtülmüş səthindəki naxış görünür. İndi də arxeoloqların iş ardıcıllığına nəzər salaq. Onlar qədim dövrlərdən günümüzə qədər quruda və ya dənizdəki arxeoloji qalıqları gün işığına çıxarmaq üçün qazma işləri aparır. Daha sonra əldə edilən tapıntıları təmizləyir, əgər parçalanıbsa hissələrinin yapışdırılmasını və bərpasını təmin edirlər. Sonra tapıntıların qeydiyyatını aparıb, əhalinin məlumatlanmasına çalışırlar. Arxeologiya hətta dənizin dərinliklərində də tətbiq olunur. Müasir dalğıc texnikasının köməyi ilə arxeoloqlar batmış gəmiləri və keçmişin çoxdan itmiş izlərini tədqiq edə bilirlər.