Yeni mövsümdə "ARB Günəş"də hansı layihələr yayımlanacaq?

17 2019 12:41

Bu gündən ölkənin ilk uşaq televiziyası “ARB Günəş” yeni mövsümə start verdi. “ARB Günəş” efir vaxtını bütünlüklə uşaqlara həsr edir. Azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edir. Bu mövsümdə də  televiziyanın efirində bir-birindən maraqlı layihələr yer alıb.Yeni layihələrdən biri  “Çərpələng” verilişidir. Proqram həftə içi beş gün səhər saat 10:20-də yayımlanır.  Verilişin məqsədi uşaqların və gənc valideynlərin maarifləndirmək, istedadlı məktəblilərin bacarıqlarını nümayiş etdirmək üçün imkan yaratmaqdır. “ARB Günəş”in növbəti yeni layihəsi “Dərsdən sonra” proqramıdır. Veriliş şənbə günü saat 10:30-da yayımlanır. Layihənin məqsədi məktəblilərin asudə vaxtının səmərəli keçirməsinə töhfə verməkdir. Ölkənin ilk uşaq kanalında izləyəcəyiniz yeni verilişlərdən biri də “Hava necə olacaq?” proqramıdır. Toplan adlı personaj hər gün izləyicilərə hava  haqqında məlumatları çatdıracaq.Bu mövsümdən yayımlanan “Mərcangildə” proqramında bağça yaşlı uşaqlara ətraf aləm, nəzakət qaydaları, oyunlar, sağlam həyat haqqında  sadə bilgilər veriləcək. “ARB Günəş” təbiətsevər dostlarımızı da unutmayıb. Yeni telemövsümdə məktəblilər üçün “Təbiət və biz” adlı marifləndirici proqram yayımlanacaq. Uşaqlar bu veriliş vasitəsilə ölkəmizin təbiəti, yeraltı və yerüstü sərvətləri, yediyimiz məhsulların yetişdirilməsi ilə tanış olacaqlar. Ötən mövsüm hər kəsin sevə-sevə izlədiyi “Mən məktəbli ikən” verilişi bu mövsüm də yayımını davam etdirəcək. Proqramda tanınmış yazıçılar, incəsənət xadimləri, millət vəkilləri və elm adamları öz məktəb illərindən danışırlar. “ARB Günəş”in tamaşaçıları “Yuxunuz şirin olsun”, “Xəbərda ol”, “Kiçikdən-böyüyə” proqramlarını bu mövsüm də  izləyəcəklər. Televiziya yaxın gələcəkdə marifləndirici, uşaq psixologiyasına müsbət təsir edən verilişlərin sayını artırmaq niyyətindədir.