Uşaqlarda səlis nitqi necə formalaşdırılmaq olar?

18 2019 17:21

Uşaqların gələcəkdə səlis nitqə yiyələnməsinin təməli erkən yaşlarda qoyulur. Balacalarda  nitq 18 ayından etibarən formalaşmağa başlayır. Buna görə də, xüsusən məktəbəqədər dövrdəki uşaqlarla məşğul olmaq vacibdir. Bəs uşaqların nitqinin inkişafı  üçün nə etmək lazımdır?Uşaqla qurulan düzgün ünsiyyət gələcəkdə düzgün nitq formalaşmasına müsbət təsir göstərir. Balacalar daim ünsiyyətlə əhatə olunmalıdır. Lakin ünsiyyətlə yanaşı, məşğələlər keçirmək də vacibdir. Balacalar oyunlara həvəsli olduğundan, ən yaxşı üsul oyun xarakterli məşğələlər keçirməkdir. Nağıl oxumaq, həmin nağılların səhnələşdirilməsi, uşaqla aktiv sorğu sual balacanın nitq inkişafında mühüm rol oynayır. Bu zaman istifadə olunan müxtəlif oyuncaqlar,   şəkil və əşyalar prosesi uşaq üçün əyləncəli və maraqlı edir. Aktiv nitq üçün qısa nağıllar, şeirlər səsləndirmək və onları balacanın da təkrar etməsinə şərait yaratmaq lazımdır. Əgər uşaq 3 yaşında hələ də danışmırsa, bu zaman mütəxəssisə müraciət etməkdə fayda var.Azyaşlının nitq inkişafı üçün söz ehtiyatının olması vacib şərtdir. Uşağa həm tanış sözlər, həm də yeni sözlər öyrədilir. Bu məşğələ ünsiyyətlə yanaşı, oyunla da aparılmalıdır. Məsələn, “əşyalardan lazım olan rəngi tap”, “tapmacanın cavabını göstər”.Onu da qeyd edək ki, uşağın nitq inkişafı özünü tez bir zamanda büruzə vermir. Bunun üçün uşağın söz ehtiyatı toplamasını və həmin sözləri istifadə etməsini gözləmək lazımdır.