Uşaqlar muzeyə ekskursiya etdilər

26 2019 12:02

Ekskursiyamız Xaçmaz Tarix-Diyarşünaslıq muzeyinədir. Girişdə bizi muzey bələdçisi İradə xanım qarşıladı.Muzeyə gələn hər bir ziyarətçi ilk olaraq davranış qaydalarını bilməli və onlara əməl etməlidir. Burada sakitliyə və təmizliyə riayət etmək lazımdır. Tarixi eksponatlara toxunmaq qadağandır. Qaydaları öyrəndikdən sonra ekskursiyaya başlaya bilərik.Dostlarımız ilk olaraq qədim yaşayış yerləri, ibtidai insanların həyat tərzi barədə məlumatlara yiyələndilər. Muzey bələdçisinin sözlərinə görə, ziyarətçilərin ən çox diqqətini cəlb edən bölmə XIX əsrə aid ev nümunəsidir. Səma özü ilə birlikdə tarix kitablarını da muzeyə gətirib.  Deyir ki, oxuduqlarını əyani görmək bilikləri möhkəmləndirir.  Ümumilikdə muzeydə 4700 eksponat var. Ən qədim eksponatlar e.ə. I minilliyə aid və  e.ə. I əsrə aid küplər, həmçinin e.ə. I minilliyə aid gil qablardır.  Muzey fonduna sonuncu daxil olan eksponatlar isə, tərəzi, nehrə və bir sıra saxsı qablardır. Mütəmadi olaraq, muzeylərə getmək uşaqların tarixi, coğrafi, həmçinin ədəbi biliklərini artırır, dünyagörüşünü formalaşdırır. Uşaqlar, siz də həftəsonu istirahətinizi səmərəli təşkil etmək üçün muzeylərə üz tuta bilərsiniz.