Qusarda təmayüllü siniflər yaradılıb

02 Oktyabr 2019 12:28

Bu tədris ilində istedadlı uşaqlar üçün yaradılan siniflərin sayı artırılıb. Həmin siniflərdən ikisi də Qusar rayonundakı məktəblərdə yaradılıb. Qusar şəhər 1 saylı tam orta məktəbdə səkkizinci sinif şagirdləri üçün “Təbiət fənləri” təmayüllü sinif təşkil olunub. Tədris prosesində Fizika, Kimya və Biologiya fənlərinə daha çox yer verilir.Xüsusi istedadlılar sinfinə qəbul imtahan vasitəsilə aparılıb. Seçim turunda iştirak edən 48 şagirddən, 22- si “Təbiət fənləri” təmayüllü sinifdə təhsil almaq imkanı qazanıb. Məktəbin direktoru Arif Xəlilov deyir ki, təmayül siniflərin yaradılması istedadlı şagirdlərin həmin istiqamətdə daha da inkişaf etdirilməsinə kömək edir. Bu siniflərdə dərs deyən müəllimlərin peşəkarlığının artırılması üçün seminar və mühazirələr təşkil ediləcək.Hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı 47 rayon üzrə 82 məktəbdə ümumilikdə 162 xüsusi sinif fəaliyyət göstərir. Həmin siniflərdə 4000-ə yaxın şagird təhsil alır.